Bu gün Torpaq çərşənbəsidir | |
Bu gün Novruz bayramının gəlişinin müjdəçisi olan dörd çərşənbədən sonuncusunun - Torpaq çərşənbəsinin sevincini yaşayırıq.
Xalq arasında bu çərşənbəyə “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” də deyilir. İnanca görə, sonuncu Torpaq çərşənbəsində torpağa istilik gəlir, ot cücərir, ağaclar tumurcuqlayır, bütövlükdə təbiət oyanmağa başlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun bar-bərəkətindən faydalanırlar. Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.
Çərşənbələrin sultanı hesab edilən Torpaq çərşənbəsinin qədimdən bir çox özünəməxsus adət-ənənələri olub və bu günədək yaşamaqdadır.
Əvvəlcədən ev-eşik təmizlənir, bayram tədarükü görülür. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür; cürbəcür yeməklər bişirilir, əsasən plov üçün düyü süzülür, paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı, səməni halvası hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvü üçün şam, əl-alvan rənglərə boyanmış yumurtalar qoyulur. Süfrədə yeddi növ yemək - nemət olur. Bayram süfrəsində xüsusilə balığın olması bərəkət rəmzi hesab edilir. Bişmiş və ya qurudulmuş bütöv balığı süfrəyə gətirər, bir tərəfinə su, digər tərəfinə isə düyü qoyar, arzu tutarlar. İnsanlar balıqdan bir az yeyər və inanarlar ki, arzuları tezliklə çin olacaq.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən çörək, duz, su, pul, kibrit, neft, ağartı vermək olmaz. İlaxır çərşənbə gecəsini hər bir kəs öz evində qeyd edər.
Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir.
İlaxır çərşənbədə axşam şənlikləri daha möhtəşəm olur və xalqımız onu hər il təntənəli şəkildə qeyd edir. Küsülülər barışır, evlərdə üzərlik yandırılır. Qulaq falına çıxmaq, qapılara papaq atmaq İlaxır çərşənbənin ən gözəl ənənələrindəndir.
Bu günə el arasında həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan ən gözəl diləklərin hamısı hasil olur. Odur ki, mütləq xoş sözlər söylənilməlidir. Və hər kəs öz ailəsində könül açan sözlər danışıb, dava-dalaş etməz ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönməsün.
Bu çərşənbədə də həyət-bacalarda tonqallar qalanır, insanlar “ağırlığım-uğurluğum, qadam-balam tonqalda yansın”, yaxud “ağırlığım-uğurluğum odlara, tonqaldan mənimlə atılmayan yadlara” söyləyərək onun üzərindən atlanırlar. Məqsəd qışdan qalan dərddən, ağrı-acıdan xilas olmaq, sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.
Bəli, dörd əsas – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirən Novruz bayramı mübarək qədəmləri ilə qapılarımızın astanasındadır.
Bütün el bayramlarının başlıca məqsədi insanları sevgi, xoşbəxtlik arzusuyla bir araya gətirməkdir. Qeyd etdiyimiz çərşənbələrin və Novruz bayramının mahiyyətində də Torpaq, Vətən sevgisi, xalqın birliyi və əmin-amanlığı dayanır.
Xalqımızın tarixi nailiyyəti olan milli birliyimizin və müstəqilliyimizin əbədi olmaq arzusu ilə evlərinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocaqlarınız gur yansın, torpaqlarınız bərəkətli olsun!
Torpaq çərşənbəniz mübarək!
Samirə KƏRİMOVA
|
|
19.03.2024 | 09:03 | |
|
|
|