Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 755 müraciətə baxılıb | |
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 755 vətəndaş müraciəti müvafiq qaydalara uyğun şəkildə icra olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Çağrı Mərkəzinə (146-1 nömrəli) 530 zəng, dislokasiya@baku.edu.gov.az elektron poçtuna 137 müraciət daxil olub. 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə isə 88 vətəndaş müraciət edib.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdiriblər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 15 yanvar-01 mart 2024-cü il tarixlərində 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində müvafiq formanı doldurmaqla təklif və rəylərini veriblər. “ASAN xidmət” mərkəzlərində daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlərin müraciətlərinə baxılıb.
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyat ünvanı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.
|
|
18.03.2024 | 16:04 | |
|
|
|