Pedaqoji Universitetdə magistrantlar üçün vebinar | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsi və şöbənin Davamlı təhsil və innovasiyalar bölməsinin birgə təşkilatçılığı ilə magistrantlar üçün “Kurikulumda yeni yanaşmalar rəqabətqabiliyyətli kadr hazırlığının əsas faktorlarından biri kimi” mövzusunda vebinar keçirilib.
Şöbə müdiri Rəşad Sadıqov bildirib ki, vebinar müxtəlif ixtisaslaşmalar üzrə təhsil alan magistrantların təhsil sahəsində olan yenilikləri öyrənməyə marağını nəzərə alaraq təşkil edilib. Bununla yanaşı, sürətlə dəyişən və inkişaf edən müasir dünyada yeni bacarıqlara yiyələnmənin əhəmiyyətindən, onun üstünlüklərindən bəhs olunub.
Şöbənin baş mütəxəssisi Dilguşə Süleymanovanın təqdimatında keçirilən vebinarda mövcud kurikulumlarda olan yeniliklər və dəyişikliklər, onların təhsilalanlara təsiri, hazırda təhsil alan tələbələri qarşıda gözləyən perspektivlər və təhsilin əhəmiyyəti kimi məsələləri əhatə edən vacib məsələlərə toxunulub. Bildirilib ki, son illərdə bir çox ölkələrdə təhsil sistemi təkmilləşdirilib, yenilənib, müasir tələblərə uyğun proqramlar tətbiq olunub. Bu dəyişikliklər ictimai və iqtisadi inkişafın tələblərinə uyğunlaşmağı, texnologiyalardan daha yaxşı istifadə etməyi və müasir təhsil standartlarına uyğunluğu ehtiva edir.
Təqdimatda təhsil proqramlarında ifadə olunan təhsilin məzmunu, onun müsir tələblərə uyğun təşkili, qiymətləndirilməsi ilə bağlı vacib məqamlar vurğulanıb. Yeni proqramın 3 bölməni - hüquqi savadlılıq, fənn kurikulumlarının tətbiqi və pedaqoji-psixoloji kompetensiyaları əhatə etdiyi diqqətə çatdırılıb, XXI əsr bacarıqları, təfəkkürün növləri, tərzləri, formaları barədə faydalı məlumatlar təqdim olunub.
|
|
16.03.2024 | 13:09 | |
|
|
|