“Məktəbli könüllü” Proqramının rəsmi açılış mərasimi keçirilib

132-134 nömrəli Təhsil Kompleksində  “Məktəbli könüllü” Proqramının rəsmi açılış mərasimi  keçirilib.

 

Tədbirdə “Məktəblu könüllü” proqramının rəhbəri  Leyla Zeynalova çıxış edərək bildirib ki, yarandığı gündən etibarən könüllülük hərəkatının inkişafına təkan verən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi artıq 8-ci ildir,  ətrafında birləşən minlərlə tələbə-könüllü ilə birlikdə  nailiyyətlər qazanmağa davam edir. “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 40 mindən çox tələbəni qeydiyyata alıb, 1000-dən çox layihə və tədbir həyata keçirib, 2023-cü ildə 17284 tələbəni əhatələyərək 589337 könüllü fəaliyyət saatı təşkil edib.

 

Leyla Zeynalova deyib ki, cari ilin yanvar ayından etibarən ictimaiyyətə elan edilən “Məktəbli könüllü” proqramına bu günədək 56,2 faiz qadın, 43,8 faiz kişi olmaqla, ümumilikdə 1087 müraciət daxil edilib. Hazırda 350 şagirdi bir çətir altında birləşdirən proqram bir sıra faydalı fəaliyyətlərin təşkilini hədəfləyib.

 

Onun sözlərinə görə, sosial məsuliyyətli və ictimai fəal məktəbli profilinin yaradılması məqsədi ilə təşkil olunan “Məktəbli könüllü” proqramı ölkədə ilk dəfə şagirdlərin sistemli şəkildə könüllü fəaliyyətə cəlbini təşkil edir: ‘Proqram barədə məlumatlılığın artırılması məqsədi ilə yanvar, fevral aylarında ümumilikdə 11 ümumi təhsil müəssisəsində 1068 şagirdin iştirakı ilə məlumatlandırma sessiyaları təşkil olunub. Proqram üzvləri arasında uğurlu şəbəkələşmənin təmin edilməsi məqsədi ilə “Məktəbli könüllü”lərin ilk şəbəkələşmə görüşü də baş tutub.

 

“Məktəbdə  yarışlara qatılmasam, coğrafiya fənni üzrə məndən yaxşı oxuyanların olduğunu bilməyəcəkdim” -deyən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov çıxışında vurğulayıb ki, yarış və layihələrə qoşulmaq, həm də yumşaq bacarıqların inkişafına səbəb olur.

 

Direktor müavini qeyd edib ki, məktəbin əsas məqsədi sağlam düşüncəli insan yetişdirməkdir, 600 bal toplayan şagird deyil.

 

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova məktəblilərin könüllülük fəaliyyətinin onların yetişməsində, formalaşmasında əhəmiyyətini qeyd edib. O, məktəbdə uşaqların özünü təhlükəsiz hiss etmələrinə də diqqət çəkərək bildirib ki, uşaqlar özlərini təhlükəsiz hiss etmələri üçün nə lazım olduğunu, nəyin çatışmadığını da araşdıracaqlar.

 

Sonda məktəblilərin ifasında bədii proqram nümayiş olunub.

 

Ruhiyyə DAŞSALAHLI 

 



15.03.2024 | 17:14