“Təhsil aldığım universitetdə bizə qalib xalqın nümayəndəsi kimi baxırlar”

Ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, müasir bilik və səriştələrə, tədqiqatçılıq bacarıqlarına malik yüksəkixtisaslı mütəxəssislərin hazırlanması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu, ölkəmizin  ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı, güclü elmi kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır. Ölkəmizin gələcək inkişaf  prioritetlərini özündə əks etdirən bu proqram çərçivəsində artıq bir qrup azərbaycanlı gənc magistratura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirir. Onlardan biri də Böyük Britaniyanın London İmperial Kollecində MBA ixtisası üzrə magistratura təhsili alan Samir Zahid oğlu Rzayevdir. Gənc magistrantla söhbətimizə tanışlıqdan başlayırıq.

 

- Sizdə Dövlət Proqramına müraciət etmək ideyası necə yarandı?

- Dünya reytinq cədvəlləri üzrə  ilk onluqda yerləşən universitetlərin birində təhsil almaq mənim hər zaman hədəflərim arasında olub. Bakalavr təhsilimi başa vurduğum dövrdə bu barədə bir qədər düşündükdən sonra xaricdə təhsil üçün hələ ki, çox tez olduğuna qərar verdim. Təhsil alacağım sahəni tam dəqiqləşdirmək, nə istədiyimi tam anlamaq üçün mənə bir qədər zaman lazım idi, buna görə də işləmək qərarına gəldim. İşlədiyim müddət ərzində böyük şirkətlərdə müxtəlif strukturlarda 6 ildən çox təcrübə topladıqdan sonra mənə tam olaraq gələcək kariyeram üçün hansı sahə üzrə təhsilin lazım olduğuna qərar verə bildim. Bu qərarı verdikdən sonra da universitet seçimi etmək o qədər də asan olmadı. Top universitetlər üzrə təklif olunan çox sayda proqramların kurikulumlarını incələdikdən sonra “Imperial College Business School”-da analitika üzrə MBA proqramına müraciət etmək qərarına gəldim.

 

- Dövlət Proqramının əhəmiyyəti və həyatınızda rolu barədə nə deyə bilərsiniz?

- Dövlət Proqramı hazırda ölkəmizdə gənclər üçün yaradılmış çoxsaylı imkanlar arasında ən vaciblərindən biridir. Mənimlə eyni ixtisas üzrə təhsil alan tələbələr ilə apardığım müzakirələrdən sonra müəyyən etdim ki, digər xarici ölkələrin təklif etdiyi təqaüd proqramları Dövlət Proqramının imkanları ilə müqayisədə geniş deyil. Buna görə də, mən xaricdə təhsil hədəfi olan hər kəsə tövsiyə edirəm ki, bu unikal şansı dəyərləndirib Dövlət Proqramından yararlansınlar.

 

- Təhsil aldığınız ali məktəb, seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. Ali məktəbdə hazırkı tədris prosesi, tədris mühiti barədə nə deyə bilərsiniz? Təəssüratlarınız necədir?

- Mən hazırda dünya reytinq cədvəli üzrə 6-cı sırada olan “Imperial College Business School”-da “MBA in Analytics” proqramı üzrə təhsil alıram. Bu proqramı seçməkdə məqsədim analitika üzrə mənə lazım olan texniki və analitik bacarıqları mənimsəmək, ölkəmiz, cəmiyyətimiz üçün lazımlı bir mütəxəssis olmaqdır. Tədris sistemi daha çox müxtəlif biznes keyslər üzərindən həyata keçirilir, tənqidi düşüncə və sürətli qərar qəbul etmə bacarıqları aşılanır və magistrantlar böyük şirkətlərə potensial rəhbər vəzifələrə hazırlanır, bunlarla yanaşı, müxtəlif texniki biliklər də tədris olunur.

 

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz? Sizə görə, Britaniyada magistr təhsilinin özəllikləri nələrdir? 

- Xaricdə təhsil almaq tələbələrə xarici təhsil sistemi ilə tanış olmaq və daha ixtisaslı kadr kimi yetişmək şansı yaradır, həmçinin dünyagörüşünün artırılmasına, müxtəlif mədəniyyətlərdən gələn insanlarla fikir mübadiləsi aparıb özünü inkişaf etdirməyə və təbii ki, yüksək səviyyəli təhsil alıb aparıcı təhsil müəssisələrinin diplomuna yiyələnməyə şərait yaradır. Böyük Britaniya isə dünyanın ən qədim təhsil mərkəzlərindəndir və Britaniya təhsili bütün ölkələrdə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın ilk 10 yüksək reytinqə sahib olan ali təhsil müəssisələrinin siyahısında İngiltərə universitetləri çoxluq təşkil edir.

 

- Hazırda xaricdə təhsil almaq barədə düşünən gənclərimizə hansı tövsiyələri verərdiniz?

- Gənclərə əsas tövsiyəm  tam olaraq hansı sahə üzrə təhsil almaq istədiklərini dəqiqləşdirdikdən sonra prosesə başlasınlar. Bir çox hallarda tələbələr bakalavr təhsilini bitirdikdən sonra dərhal magistr təhsili barədə düşünür və tələsik qərarlar verirlər. Bu isə sonda onlara daha az faydalı olan təhsil almaqla nəticələnir. Hazırda xarici universitetlərdə təklif olunan proqramlar çox müxtəlifdir, hətta eyniadlı proqram iki fərqli universitetdə müxtəlif üsullarla tədris olunur, müxtəlif sahələrə fokuslanır. Buna görə də məsləhət görərdim ki, öncə nə istədiklərini  tam olaraq dəqiqləşdirsinlər, daha sonra təhsil proqramlarını, universitetlərin təklif etdiyi imkanları, kurikulumları təhlil edib qərar versinlər.

 

- DP təqaüdçüsü olaraq hazırda Qarabağda təhsilin dirçəldilməsi, Qarabağ Universitetinin yaradılması barədə düşüncələriniz necədir? 

- Qeyd etmək istəyirəm ki, mən şuşalıyam. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə əldə etdiyimiz Zəfər bizim başımızı uca etdi. Bunun nəticəsidir ki, təhsil aldığım universitetdə də hamı bizə qalib bir xalqın nümayəndəsi kimi baxır və bu da bizi çox qürurlandırır. Qarabağda böyük quruculuq işlərinin aparılması məni çox sevindirir. Əsas məqsədim təhsilimi başa vurduqdan sonra bu işlərə öz töhfəmi verməkdir. Qarabağ Universitetinin yaradılması xəbərini eşidəndə mən çox sevindim. İnanıram ki, bu universitet yüksəkixtisaslı kadrların hazırlanması işinə öz töhfəsini verəcəkdir.

 

- Qarşıdakı illər üçün nə kimi hədəfləriniz var?

- Hazırda əsas hədəfim təhsilimi uğurla başa vurmaq, universitetin təklif etdiyi imkanlardan maksimum yararlanıb mənə lazım olan bilik və bacarıqlara yiyələnməkdir. Daha sonra isə ölkəmizə qayıdıb karyeramı davam etdirmək və ölkəmizin inkişafına öz töhfəmi vermək istəyirəm.

 

- Sizə hədəflərinizə çatmaqda bol uğurlar arzulayırıq.

 

Oruc MUSTAFAYEV



15.03.2024 | 10:04