“Türkiyə-Azərbaycan Universiteti bizim üçün çox qürurverici bir layihədir” | |
“Türkiyə -Azərbaycan Universiteti bizim üçün çox qürurverici bir layihədir”.
Bu barədə “Azərbaycan müəllimi”nə verdiyi müsahibədə Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti professor Olgun Çiçek bildirib. Yeni yaradılan ali təhsil müəssisəsi barədə fikirlərini bölüşən O.Çiçek bildirib: “Biz bu layihənin başlanmasından çox məmnun olduq. Hər iki ölkənin prezidentləri bu məsələdə çox qərarlı və çevik şəkildə addım atdılar. Əldə etdiyimiz bilgiyə görə, layihə cari akademik ilində formalaşma mərhələsinə başlayacaq”.
Olgun Çiçek yeni universitetin yaradılmasını həm Türkiyə, həm də Azərbaycan üçün ali təhsil sahəsində yaxınlaşmanın, tərəfdaşlığın, birgə əməkdaşlığın, birlikdə dünyaya örnək təcrübənin nümayişi baxımından çox vacib hesab etdiyini vurğulayıb: “Yeni universitetin yaradılması iki ölkənin alimləri və tədqiqatçılarının münasibətlərinın daha yaxşı inkişaf etdirilməsi, bir-birlərini dəstəkləməsi, birgə tədqiqatlar aparması, eləcə də tələbələrimiz arasında ünsiyyət və mübadilənin genişləndirilməsi baxımından çox önəmlidir. Biz artıq “iki dövlət, bir millət”ik, qardaşıq. Bunu daha da yaxınlaşdırmağın sosial missiyası da var. Azərbaycanda universitetlərin keyfiyyətinin artması, akkreditasiyasının olması, yerli ali təhsil müəssisələrinin xaricə açılması bizim üçün də qürurvericidir. Bunu ortaq bayraq kimi düşünə bilərik. Əslində buna belə baxmaq lazımdır. Bunun üçün bütün maraqlı tərəflər lazımi iştirakı dəstəkləyirlər. İstər dövlət tərəfindən, istər Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, universitetlər olsun, hər tərəfdən bu layihəyə dəstək var. Bu, qürur duyacağımız bir layihədir. İnşallah, bunun mümkün qədər tez həyata keçirilib uğurlu olmasını diləyirik. Mən layihənin uğurlu olacağına inanıram, çünki hər iki tərəfdə güclü iradə, dəstək var; infrastrukturumuz, hər şeyimiz var. Düşünürəm ki, Türkiyə - Azərbaycan Universiteti örnək bir ali məktəb modeli kimi ortaya çıxacaq”.
Qeyd edək ki, professor Olgun Çiçek ali təhsilin beynəlmiləlləşdirilməsi, keyfiyyət təminatı, akkreditasiya və qlobal reytinqlər üzrə beynəlxalq ekspertdir, bu sahələrdə 30 ildən artıq iş təcrübəsinə malikdir.
Oruc MUSTAFAYEV
|
|
13.03.2024 | 10:00 | |
|
|
|