Skandinaviya ölkələrinin anti-bullinq təcrübəsi

Zorbalıq uşaqların həyatını bədbəxt edə  və ömürlük sağlamlıq problemlərinə səbəb ola bilər. Elm adamları bununla mübarizə aparmağın təsirli yollarını araşdırmağa çalışırlar.

 

Keyt Midlton, Ledi Qaqa, Şon Mendes, Bleyk Layvli, Karen Elson, Eminem və Mayk Nikols – bunlar məktəbdə bullinqin qurbanı olmaları və bunun uşaqlıqda onlara verdiyi ağrı haqqında danışan dünyaca məşhur şəxslərdir. Uşaqlıqda bullinq qurbanı olan hər kəs bu cür təcrübələrin gətirə biləcəyi utanclıq hissini yaxşı anlayır və nəticələr bununla bitmir. Son tədqiqatlar göstərir ki, uşaqlıqda zorakılığın təsirləri onilliklər boyu davam edə, uzunmüddətli dəyişikliklər insanı daha çox psixi və fiziki xəstəlik riski altına qoya bilər.

 

Böyük Britaniyanın London Kral Kollecində inkişaf psixologiyası üzrə professor Luis Arsenolt (Louise Arseneault) deyir: "İnsanlar uzun müddət zorbalığın normal davranış olduğunu düşünürdülər, hesab edirdilər ki, bu, xarakter yaradır. Tədqiqatçıların bullinqi həqiqətən zərərli ola biləcək bir davranış kimi nəzərdən keçirməyə başlaması uzun müddət çəkdi”. Bu cür fikir dəyişikliyi nəticəsində bir çox tədqiqatçılar hazırda müxtəlif anti-bullinq nümunələrini təcrübədən keçirirlər,  mehriban məktəb mühiti yaratmaq üçün bəzi maraqlı yeni strategiyalar irəli sürürlər.

 

Xəstələnmiş ağıl, xəstələnmiş bədən

 

“Harvard Review of Psychiatry” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, uşaqlıqda bullinqə məruz qalan qadının gənclik, yetkinlik dövründə panik pozğunluğuna tutulma ehtimalı 27 dəfə çoxdur. Uşaqlıqda zorbalığa məruz qalan kişilər arasında intihar düşüncəsi və hərəkətlərinin 18 dəfə artması müşahidə edilir.

 

Zorbalığın insanların sosial həyatı üçün də uzun sürən nəticələri aşkar edilib: bir çox qurbanlar sonrakı həyatda dostluq etməkdə çətinlik çəkirlər və tərəfdaşla uzunmüddətli yaşamaq ehtimalı az olur. Ehtimallardan biri, ətrafdakı insanlara güvənməkdə çətinlik çəkmələridir. Professor Luis Arsenolt deyir: "Bullinqə məruz qalan uşaqlar sosial münasibətləri daha təhlükəli şəkildə şərh edə bilərlər". Eyni zamanda, zorbalığa məruz qalma uşaqların akademik və iqtisadi nəticələrinə təsir edir - akademik qiymətlərinə ziyan vurur, bu da öz növbəsində onların iş perspektivlərini azaldır. Bu o deməkdir ki, onların gənc, yetkinlik, orta yaşlarında maliyyə qeyri-sabitliyi və işsizliklə üzləşmə ehtimalı daha da yüksəkdir. Uşaqlıqda zorakılığa məruz qalma 45 yaşında xəstələnmə riskini kəskin şəkildə yüksəldir. Xanım Arsenoltun araşdırması göstərir ki, bullinq nəticəsində yaranan stress hadisədən sonra onilliklər ərzində bədənə zərər verə bilər.

 

Təhlükəsizlik şəbəkələri

 

Zorbalığın aradan qaldırması cəhdləri yalnız uşaqların əzablarını dərhal yüngülləşdirmək üçün atılan mənəvi addım deyil, eyni zamanda əhalinin sağlamlığı üçün uzunmüddətli fayda gətirə biləcək fəaliyyətdir.

 

“Olweus Bullinqin Qarşısının Alınması Proqramı” Skandinaviya ölkələrində ən çox sınaqdan keçirilmiş nümunələrdən biridir. Proqram uşaqların zorbalığa məruz qalması ilə bağlı erkən akademik tədqiqatların çoxuna rəhbərlik edən mərhum İsveç-Norveç psixoloqu Den Olveus (Dan Olweus) tərəfindən hazırlanıb. “Olweus Proqramı” bullinq hallarının tez-tez zorbalığa dözümlülük göstərən daha geniş mədəniyyətin məhsulu olması ideyasına əsaslanır. Den Olveus bu proqram vasitəsilə gələcəkdə pis davranışların artmasının qarşısını almaq məqsədilə bütün məktəb ekosistemi ilə mübarizə aparmağa çalışır.

 

Bir çox müdaxilələr kimi, “Olweus Proqramı” da problemin tanınması ilə başlayır. Bu səbəbdən, məktəblər şagirdlərin bullinq təcrübələrini araşdırmaq məqsədilə sorğu təşkil etməlidirlər. ABŞ-nin Cənubi Karolina ştatında yerləşən Klemson Universitetinin inkişaf psixologiyası üzrə professoru Susan Limber qeyd edir: "Binanızda nə baş verdiyini bilmək həqiqətən vacibdir və bullinqin qarşısını almaq üçün səylərinizə rəhbərlik edə bilər".

 

“Olweus Proqramı” məktəbi məqbul davranış üçün çox aydın gözləntilər tətbiq etməyə və bu qaydaları pozduqları təqdirdə nəticələri müəyyən etməyə təşviq edir. Proqram üzrə uşaqlarla sinif səviyyəsində bullinqin təbiətini, pis davranışın qurbanı olan şagirdlərə kömək etmənin yollarını müzakirə etmək üçün görüşlər keçirirlər. Məqsəd zorbalığa qarşı mesajın qurumun qaydalarında yer almasını təmin etməkdir.

 

“Yetkin şəxslər yaxşı davranışları ilə zorakılığın istənilən formasına  dözümlülük göstərən müsbət nümunələr kimi çıxış etməlidirlər. Onlar həmçinin məktəb daxilində bullinqin ən çox baş verdiyi yerləri tanımalı və müntəzəm olaraq nəzarət etməyi öyrənməlidirlər. Qadağalar uşaq üçün sürpriz olmamalıdır”. Məktəbdəki hər bir yetkin insanın - yeməkxanada işləyənlərin, avtobus sürücülərinin, qəyyumların və digərlərinin zorakılıqla bağlı bəzi əsas təlimlərə ehtiyacı var", -professor Susan Limber bildirir.

 

“Olweus Proqramı” ilə işləyən Susan Limber Pensilvaniya ştatındakı 200-dən çox məktəbdə genişmiqyaslı yayım daxil olmaqla müxtəlif parametrlərdən ibarət sxemi sınaqdan keçirib. Təhlillər göstərir ki, proqram iki il ərzində bullinq hallarının 2000-dən artıq azalmasına səbəb olub. Əhəmiyyətli olan odur ki, tədqiqatçılar məktəb kontingentinin zorakılığa ümumi münasibətində, o cümlədən qurbanlara daha çox empatiya göstərməkdə müsbət dəyişikliklər müəyyən ediblər.

 

“Olweus Proqramı” ilə bağlı 69 sınağın nəticələrini araşdıran meta-analiz belə nəticəyə gəlib ki, bu cür bullinqə qarşı kampaniyalar təkcə zorbalıq qurbanlarını azaltmaqla yanaşı, həm də şagirdlərin ümumi psixi sağlamlığını yaxşılaşdırır.

 

Paylaşmaq qayğıkeşlikdir

 

Təbii ki, bullinq təkcə məktəbdə bitmir və S.Limber iddia edir ki, valideynlər və baxıcılar problemin əlamətlərinə diqqət yetirməlidirlər: "Mövzu haqqında danışarkən fəal olmalısınız - bunun gündəmə gəlməsini gözləməyin. Vəziyyəti yoxlamaq üçün söhbətin bir hissəsini belə edə bilərsiniz: "Dostlarınızla işlər necə gedir? Hər hansı bir probleminiz varmı?"

 

Professor vurğulayır ki, böyüklər uşağın narahatlıqlarını ciddi qəbul etməlidirlər: "Uşaqları diqqətlə dinləyin və onları eşitdiyiniz zaman emosiyalarınızı nəzarətdə saxlamağa çalışın". Tərbiyəçi uşağa problemin öhdəsindən necə gələ biləcəyi ilə bağlı tələsik təkliflər verməkdən çəkinməlidir, çünki bu, bəzən bullinq qurbanında baş verənlərə görə günahkar olması hissini yarada bilər. Müvafiq olarsa, valideyn və ya qəyyum məktəblə söhbətə başlamalı,  uşağın özünü təhlükəsiz hiss etdiyinə əmin olmaq üçün dərhal plan hazırlamalıdır. "Bir nömrəli məsələ uşağa və onun təcrübələrinə diqqət yetirməkdir", - professor Limber bildirir.

 

Böyüdükcə uşaqlar və yeniyetmələr sosial münasibətləri idarə etməyi öyrənirlər və bu zaman incitmək, kədərlənmək hisslərinin olmaması mümkünsüzdür. Lakin böyüklər olaraq uşaqlara müəyyən davranış növlərinin heç vaxt qəbuledilməz olduğunu öyrətməklə daha yaxşı iş görə bilərik: zorakılığın özündən başqa günahlandıracağı heç kim yoxdur. Bu cür dərslər gələcək nəsillərin sağlamlığına və xoşbəxtliyinə geniş təsir göstərə bilər.

 

Lamiyə Əlimərdanova

 



12.03.2024 | 12:57