Müəllimin uğuru davamlı öyrənmə və tətbiqdən keçir | |
Ölkəmizdə müəllim hazırlığının modernləşdirilməsi və inkişafı üçün rəqabətədavamlı kadrlar, peşəkar və mobil mütəxəssislərin hazırlanması, yüksək keyfiyyətli və əlçatan təhsil xidmətlərinin göstərilməsi yolu ilə əmək bazarı və işəgötürənlərin tələblərinə cavab verilməsi prioritet istiqamətlərdəndir.
Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində “sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq” təhsilin əsas məqsədindən biri kimi göstərilir.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycan müəllimlərinin XVI qurultayına ünvanladığı təbrik məktubunda demişdir: “... Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.
“Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” və s. kimi aktual mövzular qurultayın gündəyində yer almışdır.
Tələbələrin pedaqoji bilik, bacarıq və vərdişlərinin, onun pedaqoji ustalığının formalaşmasında təcrübə keçmənin özünəməxsus rolu var. Təhsilalanları müstəqil və səmərəli əmək fəaliyyətinə, akademik mühitə hazırladıqda, onların gələcək karyera inkişafına kömək etdikdə, istehsalat təcrübə müəssisələrində təcrübə keçdikdə və əmək bazarının tələblərini nəzərə aldıqda onlar konkret iş imkanlarına hazırlanır.
Araşdırmalarımız göstərir ki, təhsil əldə edilməsi modellərinin individuallaşdırılması və onların təhsilalanların qabiliyyət, istək və ehtiyaclarına uyğunlaşdırılması, təhsilalanların şəxsi məsuliyyət və təşəbbüskarlığının təşviqi, yalnız dərs deyən mütəxəssisdən deyil, həm də dərsdə iştirak edən başqalarından öyrənmək, peşəkar fəaliyyətin müxtəlif sahələrində tətbiq edilə bilən universal səriştələrin inkişaf etdirilməsi, məsələn, liderlik, kommunikasiya və təqdimat bacarıqları, danışıqlar aparılması, tənqidi düşüncə və s. real həyatla bağlılıq üzərində qurulmuş holistik (hərtərəfli, çoxşaxəli) təhsil yanaşması və s. öyrənmə yollarının inkişafında başlıca amillərdəndir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli qərarına əsasən, “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması və s. kimi əsas öhdəliklər müəyyən edilib və bu qərar 2024-cü il sentyabrın 15-i tarixindən etibarən tətbiq olunacaq.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ixtisaslar üzrə təhsil proqramlarında da istehsalat (pedaqoji) təcrübəyə xüsusi yer verilib. Orta ixtisas təhsili pilləsində 2 illik təhsilə keçidlə bağlı hazırlanmış yeni təhsil proqramlarında istehsalat (pedaqoji) təcrübənin müddəti uzadılıb. Həmçinin, “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarının icrası məqsədilə təcrübənin səmərəliliyinin və təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması üçün kollecimizdə uğurlu addımlar atılmaqdadır. 2024/2025-ci tədris ilində müvafiq ixtisasların tədris planlarına əsasən, təcrübələrdə iştirak edəcək ixtisas qruplarında təcrübənin məqsədi, həcmi, növləri, təşkili və qiymətləndirilməsi ilə bağlı qaydaların hazırlanması üçün komissiya yaradılıb.
Məktəbəqədər təhsil ölkəmizdə fasiləsiz təhsil sisteminin ilk pilləsi, eləcə də, uşaqların erkən yaş dövrlərində əqli, fiziki və yaradıcı imkanlarının, mədəni inkişafının, əxlaqi, əmək, estetik, ekoloji və s. tərbiyəsinin, həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyət kimi formalaşmasının təməli hesab olunur.
Qeyd etmək istərdim ki, orta ixtisas təhsili pilləsində ” Məktəbəqədər təhsil” ixtisası üzrə subbakalvr hazırlığının, eləcə də, təcrübəyə hazırlığın daha da təkmilləşdirilməsi məqsədilə cari tədris ilinin fevral ayında kollecimizdə buraxılış qrupu tələbələri üçün “Müəllimin uğuru davamlı öyrənmə və tətbiqdən keçir” adlı silsilə təlimlər təşkil edilib.
Təlimdə məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsil proqramının (kurikulumun) əsas istiqamətlərinə uyğun təlim prosesinin səmərəli təşkili və işin planlaşdırılması, məşğələ növləri və onları planlamanın addımları, məşğələ icmalının nümunələr üzrə tərtib qaydaları, fəal təlim üsulları, qrupun effektiv idarə edilməsinin öyrənməyə təsiri, tərbiyəçi-müəllimin XXI əsr bacarıqları və qabiliyyətləri, qrupun idarə olunması modelləri və rəhbərlik üslubları, effektiv ünsiyyət bacarıqları və strategiyaları, gənc müəllimlərin tipik səhvləri və onlara faydalı tövsiyələr, müəllimin öz səriştəliliyini inkişaf etdirməsi yollarının geniş şərhi verilib. Metodik əhəmiyyətli videoçarxlar və nümunəvi məşğələlər nümayiş etdirilib, keys üsulu ilə tələbələrin təcrübə müddətində məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə prosesinin effektiv təşkili, müxtəlif nəzəri və praktiki situasiyaları müəyyən kombinasiyalarda nəzərdən keçirməsi üçün bilik, bacarıq və səriştələri dəyərləndirilib.
Həmçinin, tələbələrə ixtisas üzrə təcrübə keçmə qaydaları, təcrübənin məqsədi, mərhələləri, növləri, vəzifələri, təcrübə prosesində tələbələrin üzərinə düşən öhdəliklər, yerinə yetiriləcək işlərin məzmunu, təcrübə sənədlərinin nümunəvi tərtib qaydaları, məktəbəqədər yaşlı uşaqlarla aparılacaq sağlamlıq tədbirləri və ünsiyyətin təşkili, valideynlərlə iş, tələbələrin təcrübə prosesində biliyinin və təcrübə hesabatlarının qiymətləndirilməsi meyarları və digər məsələlər izah edilib.
Hal-hazırda buraxılış qrupları üzrə tələbələrimiz ixtisaslarının təhsil proqramlarına uyğun təhkim olunduqları körpələr evi uşaq bağçalarında, tam orta məktəblərdə, xüsusi tipli orta məktəblərdə, ictimai birliklərdə, agentliklərdə, peşə liseylərində, peşə təhsil mərkəzlərində və digər müəssisə, idarə və təşkilatlarda təcrübə keçirlər. Bu baxımdan, təcrübəçi tələbələrimizin ixtisasları üzrə peşə bacarıqlarının əldə edilməsi və möhkəmləndirilməsinə ardıcıl nəzarət kadr hazırlığının səmərəliliyinin artırılmasında həlledici rol oynayır. İnanırıq ki, ötən illərdə olduğu kimi, cari tədris ilində də tələbələrimizin təcrübə fəaliyyəti, onların bazar mühitinə və real iş şəraitinə uyğunlaşması təcrübə bazalarında müəssisə rəhbərlikləri tərəfindən təqdir olunacaq. Həmçinin, təhsilanlarımızın təhsil ehtiyacları qarşılanaraq “nəzəriyyə ilə təcrübə arasında körpü” yaradacaq.
Simuzər Qafarova, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti
|
|
11.03.2024 | 15:05 | |
|
|
|