“FutureFem:Qadın Sahibkarlığın İnkişafı” konfransı keçirilib

“Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı, Təhsilin İnkişaf Fondunun dəstəyi ilə 7 mart tarixində 50 tələbənin iştirakı ilə ADA Universitetində həyata keçirilən konfrans mövcud vəziyyəti və qadın sahibkarların fəaliyyətlərinin kəmiyyət və keyfiyyət göstəricilərini artırmaq üçün edilə biləcək mümkün addımları, dövlətin və cəmiyyətin bu xüsusda üzərinə düşən öhdəlikləri müzakirə etmək, həmçinin, tələbələrə qadın liderlərdən ilhamlanmaq imkanı yaratmaq məqsədi ilə təşkil olunub.

 

Konfransda açılış nitqi ilə çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova qadın sahibkarların iqtisadiyyata daha geniş nüfuz etməsinin əhəmiyyətindən bəhs edib və bu cür tədbirlərin tələbələrin fərdi inkişafında xüsusi rol oynadığını vurğulayıb.

 

Konfransda spiker qismində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva “Azərbaycanda qadın sahibkarlar üçün çətinliklər və imkanlar” mövzusuna, Təhsilin İnkişafı Fondunun sədr müavini Xanım Daşdəmirova “Təhsildən gözləntilər: XXI əsrin tələblərinə uyğun insan kapitalının formalaşması” mövzusuna toxunublar.

 

Konfransın ikinci hissəsində Azərbaycan Qadınları Elmdə Təşkilatının CEO və təsisçisi Günel Ağabəyli “Techpreneurship: Sahibkarlıq sistemində innovasiya layihələri və innovasiya istiqamətli təşəbbüslərin stimullaşdırılmasında elmin rolu” mövzusunda, Kapital Bankın İşçi bağlılığı və motivasiya şöbəsinin müdiri Gülnarə Əkbərova isə “Korporativ mühitdə gender bərabərliyinin təmini” mövzusunda çıxış ediblər.

 

Qadınların iş dünyasında sahibkar kimi fəal iştirak etmələrinin ölkə iqtisadiyyatında inkişaf və çeşidliliyin təmin olunmasında əhəmiyyətli bir rola malik olduğunu xüsusi qeyd edən spikerlər sessiyalar ərzində tələbələrin suallarını da ətraflı şəkildə cavablandırıb və bu istiqamətdə idealara sahib olan tələbələrə öz tövsiyələrini veriblər.

 

Qeyd edək ki, hibrid şəkildə təşkil olunmuş konfransda ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən tələbələr iştirak ediblər.

 



08.03.2024 | 21:04