“Yerli texnoloji startapların inkişafının təşviqi”

Naxçıvan Dövlət Universitetində (NDU) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının (AİB) birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

          

Universitet rəhbərliyi ilə keçirilən görüşdə AİB-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, Azərbaycan Rezident Missiyasının rəhbəri Səbinə Cəfərova və  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

        

Görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev startap layihələrinin həyata keçirilməsində Naxçıvan Dövlət Universitetinin kifayət qədər təcrübəsi olduğunu önə çəkib və bir neçə gün öncə ali təhsil ocağının təşkilatçılğı ilə baş tutan “Robotex Azərbaycan” festivalı haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, festivalda mükafatlandırılan 163 komandadan 6-sı NDU-nun komandası olub.

 

E.İsayev mövcud işbirliyinin Naxçıvanda ümumi startap ekosisteminin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

 

Sonra layihə mütəxəssisləri və təmsilçiləri layihə çərçivəsində görüləcək işləri qeyd ediblər. Bildirilib ki, universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi, startapların idarə olunması ilə bağlı təlimlər nəzərdə tutulub.

 

Görüşdə, həmçinin, “Gələcək üçün bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyaları inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

 



08.03.2024 | 13:24