Dərsə hazır olmaları ən gözəl hədiyyəsi oldu

2012-ci ildən Əməkdar müəllim Sahibə Abbasova Qərbi Azərbaycandandır. 1959-cu ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vaqudi kəndində anadan olub. 1976-1980 illərdə Naxçıvan Dövlət Pedoqoji İnstitutunun fizika -riyaziyyat fakültəsində təhsil alıb. “Riyaziyyat müəllimliyi” ixtisası üzrə məzun olan gənc S.Abbasova təyinat alaraq təhsil aldığı Vaqudi kənd orta məktəbində müəllimliyə başlayıb. İlk dəfə dərsinə girdiyi sinfin şagirdləri ilə aralarında cəmi 4 yaş fərq olub: “Dərsə başladığım gün X sinifdə dərsə girdim. Aramızda yaş fərqinin az olmasından bir az narahat olmuşdum. Amma narahatlığa dəyməzmiş. Qısa zamanda şagirdlərimlə ünsiyyət qurdum,  onların sinif rəhbəri təyin edildim və indiyə qədər də ilk dəfə əlimə jurnal alıb dərsə girdiyim həmin sinfin şagirdləri məni unutmurlar”.

 

Deyəsən, axı, Əməkdar müəllim S.Abbasova da onları unutmur. 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində yaddaşında yenə onlar var: “Söz vaxtına çəkər, deyiblər, 8 mart ərəfəsində həmin sinfə müraciət etdim. Soruşdum ki, kim məni təbrik etmək istəyir? Hamısı biri-birinin üzünə baxıb əlini qaldırdı. Əksəriyyətinin əli havada idi. Dedim, məni təbrik eləmək istəyən növbəti dərsə hazırlıqlı gəlsin, “5” alan məni təbrik etmiş olacaq. Gözlədiyimdən də yaxşı nəticə almışdım, özünün “5” qiymətini mənə hədiyyə edən şagirdlərimin sayı həddindən çox oldu. Sinifdə 22 şagird təhsil alırdı, hər biri o gün hazırlıqlı idi. Sevindim ki, qadınlar üçün dəyərli olan gündən şagirdlərimi stimullaşdırmaq üçün istifadə etdim və onların hər birinin dərsə hazırlıqlı olmasına nail oldum”.

 

1 il sonra sevimli şagirdlərindən ayrılıb Sahibə müəllim. Ailə həyatı qurması ilə əlaqədar fəaliyyətini Masis rayonu Kalinino qəsəbəsində davam etdirib.

 

Erməni təcavüzünün başlaması ilə 1988-ci ildə evini, yurdunu tərk etmək məcburiyyətində qalan S.Abbasova müəllimlik fəaliyyətinə Azərbaycanda davam edib. Əvvəlcə, yəni 15 il 240 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib, 2006-2007-ci tədris ilindən isə 54 nömrəli tam orta məktəbin direktoru təyin edilib.

 

S.Abbasovanın fəaliyyəti məktəbin uğurlarına uğur qatıb. Məktəb 20142015-ci tədris ilinin nəticələrinə görə,“İlin ən yaxşı məktəbi”müsabiqəsinə qatılıb və ikinci dəfə qalib olub. Müəllimləri diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərərək məktəbi rayon üzrə birinciliyə çıxarıb. Sadəcə müəllimlərin yox, IX siniflərin buraxılış imtahanlarının, son iki ildə isə, həm də IV siniflərdə qiymətləndirmə nəticələrinə görə ön sıralarda yer almasında direktor kimi onun da payı var.

 

Ruhiyyə DAŞSALAHLI

 



08.03.2024 | 12:17