“Birlikdə yarışdıq, qalib olduq” | |
Hər yeni layihə kimi pilot olaraq bir neçə məktəbdən başlamışdı. Artıq 50-dən çox şəhər və rayonda 400 mindən çox şagirdi birləşdirir. Çox qısa zamanda ölkə məktəblilərinin yarıdan çoxunu əhatə edəcək. Söhbət 2017-2018-ci tədris ilindən start götürən “Rəqəmsal bacarıqlar” layihəsindən gedir. Elm və Təhsil Nazirliyinin “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə birgə həyata keçirdiyi “Kod saatı” müsabiqəsi məktəblilər arasında kompüter elmlərinin, proqramlaşdırmanın təbliği və gənc nəslin bu sahəyə olan marağının artırılmasına xidmət edir və 2017-ci ildən keçirilir. Martın 4-də layihə çərçivəsində həyata keçirilən “Kod saatı” müsabiqəsinin final mərhələsi keçirildi. Heydər Əliyev Mərkəzində baş tutan təntənəli final tədbiri onlarla şagird üçün yaddaqalan oldu...
“Kod saatı: Rəqəmsal Gələcəyə Addım 2023” müsabiqəsinin seçilənləri
2023-2024-cü tədris ilində həyata keçirilən “Kod Saatı: Rəqəmsal Gələcəyə Addım 2023” müsabiqəsinə ümumi təhsil məktəblərinin 5-9-cu sinifləri üzrə 28157 şagird qoşulub.
Müsabiqənin ötən il dekabrın 25-də yekunlaşan II mərhələsinin nəticələrinə görə, bu mərhələyə keçən 4000 şagirddən 132 nəfəri finala vəsiqə qazanıb. Onlardan 62 nəfər Bakı şəhərində, 70 nəfər isə rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdləridir.
Beləliklə, finalda mübarizə 132 şagirddən təşkil edilən 25 komanda arasında gedib. 16 komanda 5-7-ci sinif şagirdlərindən ibarət kateqoriya üzrə yarışıb, 9 komanda isə 8-9-cu sinif şagirdlərindən ibarət komandada mübarizə aparıb. Final mərhələsinin qalibi olan 6 komandada 30 şagird təmsil olunub. Qalib olan 3 komanda 5-7-ci, 3 komanda isə 8-9-cu siniflərdə də oxuyan şagirdlərdən təşkil edilib.
Final mərhələsinin qaliblərindən biri Davud Rzayevdir. O, Bakı Avropa Liseyinin VI sinif şagirdidir. “Kod Saatı: Rəqəmsal Gələcəyə Addım 2023” müsabiqəsində 6 nəfərdən ibarət “Kod masters” komandasında təmsil olunub: “Komandamız Bakı, Sumqayıt və Ucardan olan məktəblilərdən təşkil olundu”.
“Kod saatı” müsabiqəsi onun uğur qazandığı ilk müsabiqə deyil: “2020-ci ildə Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında III, 2022-ci ildə I, 2023-cü ildə isə SASMO Riyaziyyat Olimpiadasında II yeri tutmuşam”.
Davudun təmsil olunduğu və I yerin sahibi olan 15 nömrəli komandanın digər üzvləri Araz Hüseynov və Humay Rəşidli Bakı, Banu Mahmudova və Emin Şamsudinov Sumqayıt şəhərindən, Kamil Əşrəfov isə Ucar rayonundan yarışa qatılıb.
İkinci yerin sahibi olan 4 nömrəli komandada Sürəyya Dünyamalı Bakı, Elgün Oruclu Lənkəran, Namiq Zərbalıyev və Nigar Eminzadə Şamaxı, Arif Cəfərli Şabran və Nicat Məmmədli Şirvan şəhər məktəbliləridir.
Üçüncü yeri tutan 12 nömrəli komandanın üzvləri Narin Şıxıyeva, Uğur Şirizadə, Pərişan Hacıyeva, Nigar Putayeva Bakıdan, Aysel Əbülfətova Lənkərandan, Oqtay Sultanzadə Şamaxıdan yarışa qatılıb.
Beləliklə, 5-7-ci siniflər üzrə kateqoriyada yarışan 18 şagirddən ümumilikdə 8-i Bakı, 10 nəfəri isə regionlardan mübarizəyə qoşulub.
8-9-cu siniflər üzrə komandalar digər kateqoriyadan fərqli olaraq 4 nəfərdən təşkil olunub. Bu kateqoriyada Gəncə məktəblisi Xanlar İsmayılov, Bakı məktəblisi Əhməd Qəmbərli, Sumqayıt məktəblisi Elçin Mehbalıyev, Ucar məktəblisi Məlahət İsmayılovadan ibarət 2 nömrəli komanda I, Bakı məktəbliləri Şahsuvar Dünyamalı və Mehdi Səmədov, Gəncə məktəbliləri Emil Əliyev və Xədicə Mahmudovadan ibarət 3 nömrəli komanda II, Bakı məktəbliləri Nigar Baxışlı və Kərim Kərimov, Şəmkir məktəblisi Zeyd Heydərov və Xaçmaz məktəblisi Rəşad İsayevin təmsil etdiyi 4 nömrəli komanda III yeri tutub.
Birinci yerin sahibi olan komandanın üzvü, Bakı Türk Anadolu Liseyinin IX sinif şagirdi Əhməd Qəmbərlinin bu, ilk yarışıdır: “Bizim yaş kateqoriyasında tapşırıqlar ipucları əsasında layihə hazırlamaqdan ibarət idi. Layihələrimizi hazırlayarkən aktual mövzular seçməyə çalışdıq. Çox maraqlı yarış keçdi. Biz zamana qarşı yarışdıq və qaliblərdən olduq”.
Onun qalib olmasında komandasının digər üzvlərinin də böyük payı var. Məsələn, Elçin Möhbalıyev Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin şagirdidir. Bu, onun da qatıldığı ilk yarışdır: “Çox çətin yarış oldu. Amma bir o qədər də maraqlı idi”.
Ucar rayon 2 nömrəli tam orta məktəbin şagirdi Məlahət İsmayılova yarışmaq və qalib olmağın sevincini yaşayır: “Biz birlikdə yarışdıq və qalib olduq”.
8-9-cu siniflər üzrə kateqoriyada qalib olan 12 şagirddən 5 nəfəri Bakı şəhərindən, 7 şagird isə regionlardan qatılıblar. Ümumilikdə 30 qalib məktəblinin 19-u oglan, 11 nəfəri qızdır.
“Elə maraqlı layihələr var ki...”
Fatimə Qasımova artıq bir neçə ildir ki, “Kod saatı” müsabiqəsində münsiflər heyətinin üzvüdür: “Əvvəlki illərlə müqayisədə şagirdlərin daha uğurlu nəticələr göstərdiyini müşahidə etdim. Məktəblilər fərqli üsullardan istifadə edərək çox maraqlı layihələr yaradıblar. Düzü, elə maraqlı layihələr var ki, onları bir məktəblinin hazırladığına inana bilmədim. Çox sevindiricidir ki, ölkəmizdə də İT sahəsində şagirdlərimiz belə yüksək nəticələr ortaya qoyur”.
F.Qasımovanın fikrincə, bu müsabiqənin üstünlüklərindən biri də şagirdlərə komandada işi öyrətməsidir: “Onlar qələbənin həm də uğurlu komanda təşkil etmək və komanda ilə işləmək bacarığından asılı olduğunu öyrənirlər”.
Qaliblər mükafatlandırıldı
Qaliblər Heydər Əliyev Mərkəzində mükafatlandırıldılar. Onları ilk təbrik edən elm və təhsil nazirinin müavini Həsən Həsənli idi. Nazir müavini “Kod saatı”nın qlobal hərəkat olduğunu vurğulayaraq ölkəmizdə hər il keçirildiyinə diqqət çəkdi. Bunu ölkəmizin gələcək istedadları ilə tanış olmaq, onları ruhlandırmaq üçün fürsət kimi dəyərləndirən nazir müavini “Rəqəmsal bacarıqlar” layihəsi ilə bağlı planlardan da danışdı: “Gözlənti bundan ibarətdir ki, qısa zamanda II-XI siniflərdə təhsil alan şagirdlərin yarıdan çoxu bu proqramla əhatə olunacaq. İnfrastrukturun yaradılması istiqamətində planlı iş gedir. Məktəblər sürətli internet və texniki təchizatla təmin edilir. 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında həm şagird-kompüter nisbəti, həm də innovativ məzmunun tətbiqi ilə bağlı xeyli müddəalar yer alıb”.
Nazir müavininin fikrincə, şagirdlərimizin yeni dövrə hazır olması, iqtisadiyyatın sürətlə yenilənən tələblərinə cavab verməsi üçün rəqəmsal bacarıqları məhz məktəblər aşılamalıdır. Üstəlik, bu bacarıqlar yalnız proqramlaşdırma ilə məşğul olmaq istəyənlərə deyil, istənilən sahədə işləyəcək yeniyetmə və gənclərə təlqin edilməlidir. Qeyd edilib ki, artıq “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində bacarığı ilə seçilərək proqramlaşdırmaya cəlb edilən siniflərin məzunları da var: “Nəticələr onu deməyə əsas verir ki, belə siniflərin şagirdləri aldıqları fundamental biliyin sayəsində gələcəkdə yeni texnologiyalardan istifadə edə biləcək, özlərinə daha yaxşı həyat quracaqlar”.
H.Həsənli “Kod saatı”nın infosessiyalarının Füzulidə keçirilməsinə də toxunub: “Bu fakt ayrılıqda bizim üçün qürur mənbəyidir. Torpaqlarımız işğaldan azad olunandan sonrakı dövrdə oradakı təhsil sisteminin, yanaşmaların ən mütərəqqi standartlar əsasında qurulması başlıca prioritetlərimizdəndir”.
“Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin təsisçisi Andrey Lobanov ildən-ilə müsabiqəyə marağın artdığını, hər il qeydiyyatdan keçənlərin sayının çoxaldığını vurğuladı: “Bu yarışda iştirak edən uşaqların hər biri gələcəkdə müxtəlif sahələrdə ən yaxşı mütəxəssislər olacaqlar”.
Ruhiyyə DAŞSALAHLI
|
|
08.03.2024 | 10:11 | |
|
|
|