UNEC-lə “Aqroservis” bir araya gəldi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Aqroservis” arasında memorandum imzalanıb. Sənədə əsasən, yüksək ixtisaslı mütəxəssislərin hazırlığında ikitərəfli əlaqələrin təkmilləşdirilməsi, tələbə və magistrantlara təcrübə qazanmaları üçün müvafiq şəraitin yaradılması, məzunların işlə təminatında dəstəyin göstərilməsi, elmi-metodik resurs mübadiləsi həyata keçiriləcək.

 

Univetsitetin mətbuat xidmətindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, əlavə olaraq aqrar sektorda fəaliyyət göstərən mütəxəssislərin elm və təhsil bazasının gücləndirilməsi, onların tədris prosesinə cəlb olunması,  professor-müəllim heyəti tərəfindən şirkət əməkdaşlarının iqtisadiyyat, idarəetmə və marketinq sahəsində müasir tələblərə uyğun maarifləndirilməsi, xüsusi ixtisasartırma proqramlarının hazırlanması, kənd təsərrüfatı məhsullarının ixracına dair UNEC dəstəyinin göstərilməsi istiqamətində də addımlar atılacaq.

 

UNEC və “Aqroservis” şirkətinin nümayəndlərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən rektor, professor Ədalət Muradov real sektorla qurulan əlaqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, memorandumda nəzərdə tutulan istiqamətlərin həyata keçirilməsi, o cümlədən digital marketinq xidmətlərinin təklifi, təlim proqramlarının hazırlanması, tələbələr arasında aqrar sektorla bağlı startap ideyalarının cəlb olunması və digər istiqamətlərdə işlərə başlanacaq.

 

“Aqroservis” şirkətinin rəhbəri, professor Hüseyn Hüseynov da yaradılan şəraitə görə təşəkkür edib və əməkdaşlığın səmərəli nəticə verəcəyinə inandığını deyib.

 



29.10.2018 | 15:18