“Elmin vətəni yoxdur, elm dünyadır, bəşərdir”

Çoxqütblü dünyada elmin, tədqiqatların coğrafiyası indi sürətlə dəyişir.   Bu baxımdan indi elmin vətəni haradır?

 

Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının (MRC Laboratory of Molecular Biology) qrup rəhbəri professor Qərib Mürşüdov “Azərbaycan müəllimi”nə açıqlamasında qeyd edib ki, elmin vətəni yoxdur, elm dünyadır, bəşərdir. Onun sözlərinə görə, müxtəlif vaxtlarda elm ayrı-ayrı yerlərdə daha çox inkişaf edib:”Qədim vaxtlarda Çində və Hindistanda, sonra xilafət vaxtı müsəlman ölkələrində, daha sonra Orta Asiyada, Avropada daha çox inkişaf edib. Harada iqtisadi inkişaf var, orada elm var. İkinci Dünya müharibəsindən əvvəl Almaniya elmin əsas mərkəzlərindən biri olub. Müharibədən sonra alman mütəxəssislər ABŞ-a getdilər. İndi Amerika elmin əsas mərkəzlərindən biridir”.

 

İxtiyari elmi məqalə açıq olmalıdır
 

“Təkrar edirəm, elmdə vətən yoxdur, elm bəşəri olmalıdır. Elmi nəticələr də bəşəri olmalıdır. Elmi nəticələr hardasa nəşr olunmalıdır. Ancaq bunun üçün pul ödənməlidir, pulsuz bir şey olmur. Jurnalda nəşr olunursa, kimsə bunun pulunu verməlidir. Əvvəllər belə idi ki, institut və ya tədqiqatçılar öz qrantlarını nəşrlərə  verir, jurnalar satılır və qazanırdılar, bununla da özlərinin saxlaya bilirdilər. İndi belə bir istiqamət var ki, məqalələri ancaq bu jurnalları alan adamlar oxuya bilirlər. Digərləri oxuya bilməzlər. İndi yeni istiqamətlər var ki, hər hansı elmi məqalə açıq olmalıdır. Məsələn, Britaniyada bizim işlədiyimiz MRC –də nəşr elədiyimiz məqalələrin hamısı açıq olmalıdır və institutda bunun üçün əlavə maliyyə var. Təkrar edirəm ki, ixtiyari məqalə açıq olmalıdır, yəni onları bütün dünyada oxuya bilirlər. Bu ayrı bir maraqlı istiqamətdir ki, çox güman, 3-4 ildən sonra elmi ixtiralar, elmi nəticələr hamıya məxsus olacaq. Siz internetdə oturub bu məqalələri oxuya bilərsiniz, hazırda bu istiqamətdə çox işlər görülür”-deyə professor Qərib Mürşüdov qeyd edib.

 

Oruc MUSTAFAYEV

 



04.03.2024 | 11:24