Martın 3-də keçirilən buraxılış imtahanının nəticələri bir ay ərzində elan olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

DİM-dən bildirilib ki, 30 şəhər və rayonda təşkil olunan imtahanda 52267 şagirdin iştirakı nəzərdə tutulurdu.

 

İmtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.

 

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

 

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. 

 

Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. 

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

 

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

 



04.03.2024 | 09:39