Universitetlərimizi dünya reytinqinə necə hazırlaya bilərik?

 

Böyük Britaniyanın  təhsil sahəsində tanınmış nəşrlərindən olan "Times Higher Education"nun (THE) Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığı davam edir. THE-nin Rusiya və MDB ölkələri üzrə regional direktoru Eqor Yablokovdan aldığımız məlumata görə, dünyanın nüfuzlu konsaltinq şirkəti 12 noyabr 2018-ci il tarixində  Bakıda  Park İNN hotelin "Nəsimi" zalında Azərbaycanda ilk açıq seminarını təqdim edəcək. Seminarda "Times Higher Education"nun brend-direktoru Maykl Lübaçın (Michael Lubacz)  universitetlərimizin əməkdaşları üçün ustad dərsi  təqdim olunacaq.

   

Regional direktorun sözlərinə görə, seminar iştirakçıları ilə görüşdə  akademik elmi cəmiyyət üçün aktual olan məsələlərə aydınlıq gətiriləcək, universitetlərin nüfuz göstəricilərinin müəyyən olunmasında istifadə olunan meyarlardan və onlardan istifadənin təhlilindən, ali məktəblərin reytinqlərinin hazırlanmasında uğurlu və ya səhv yanaşmalardan, reytinqlərin hazırlanması metodologiyasından bəhs olunacaq. Seminarda  ali təhsilin, universitetlərin və milli təhsil sistemlərinin inkişaf strategiyaları diqqətdə saxlanılacaq. Qabaqcıl elmi araşdırmalar və cəmiyyətin həyatında onların rolu, universitetlərin öz reputasiyası üzərində təkmilləşmələr aparmaq üçün hansı alətlərdən istifadə etməsi, universitet brendinin inkişafı üçün işlərin necə düzgün qurulması, onlayn və oflayn alətlərdən, eləcə də ali məktəbin nüfuzunun möhkəmləndirilməsi üçün məzunların birliyindən necə istifadə olunması kimi məsələlərə diqqət yetiriləcək.
    

Qeyd edək ki, Times Higher Education (THE) qlobal miqyasda tanınan, 50 ilə yaxındır ki, dünyanın bütün ölkələrində akademik cəmiyyət üçün aktual olan məsələlərin  işıqlandırılması, eləcə də dünyanın ən yaxşı ali məktəblərinin reytinq cədvəllərinin  hazırlanması ilə məşğul olan çoxmilyonlu auditoriyaya malik nüfuzlu təşkilatdır.
  

Oruc MUSTAFAYEV



29.10.2018 | 13:12