Nəsillərin birliyi... | |
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında “Nəsillərin birliyi” adlı konsert proqramı təşkil olunub. Konsertdə Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov və BMA-nın baş müəllimi Yuliya Kərimovanın tələbələri çıxış ediblər.
Azərbaycan professional vokal sənətinin banisi Bülbül tərəfindən yaradılan ənənələr bu gün də dəyərli vokal müəllimlərinin səyi nəticəsində davam etdirilir. Konsertdən bir daha aydın oldu ki, Azərbaycan vokal ifaçılıq məktəbinin layiqli davamçılarından biri də İlham Nəzərovdur. Respublikamızın ilk və yeganə kontratenor səs tembrinə malik opera müğənnisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, BMA-nın baş müəllimi İ.Nəzərovun ifaçılıq fəaliyyəti ilə yanaşı, bir müəllim kimi də Azərbaycanı Amerika, Avropa, eləcə də Asiya ölkələrində təmsil etməsi qürurvericidir. Qeyd edilməlidir ki, İ.Nəzərov bir neçə gün öncə Qazaxıstanın Aktobe şəhərində ustad dərsi ilə çıxış edib, Avropa, Rusiya, Azərbaycan, eləcə də qazaxıstanlı bəstəkarların vokal əsərlərinin təfsiri və ifaçılıq texnikasının düzgün aşılanması kimi məsələlərə diqqəti cəlb edib. 2008-ci ildən pedaqoji fəaliyyətə başlayan İ.Nəzərov Bakı Musiqi Akademiyasından başqa, Asəf Zeynallı adına Musiqi Kolleci, Bülbül adına orta ixtisas musiqi məktəbi, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində fəaliyyət göştərib. Onlarla şagird, tələbə yetişdirən müəllimin elmi və idarəçilik fəaliyyəti ilə məşğul olması təqdirəlayiqdir.
M.Vəliyeva, E.Hüseynzadə, Ü.Rüstəmli, G.Məmmədova, N.Aslanova, N.İsmayılova, İ.Əsədli, K.Rəhmanzadə, S.Abasova, R.İbişov və A.Mahmudzadənin yüksək texniki biliklərə malik olması, onların ifa etdikləri əsərlərə incə yanaşması tamaşaçıların diqqətindən yayınmadı. Proqramda İ.S.Bax, V.A.Motsart, L.Van Bethoven, E.Qriq, S.Raxmaninov və Gülnaz Abdullazadənin əsərləri istər vokal ifaçıları, istərsə də pianoçular tərəfindən böyük peşəkarlıqla səsləndirildi. Fərqli musiqi nümunələrinin müəllimlər tərəfindən ifası konsertə xüsusi rəng qatdı.
Aytən İbrahimova,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
|
|
29.02.2024 | 11:21 | |
|
|
|