PISA peşə təhsilinə də gəlir

Son iki onillikdə PISA testləri bütün dünyada təhsil siyasətində islahat aparmağa kömək edərək ölkələrə 15 yaşlı uşaqların riyaziyyat, oxuma və təbiət elmləri üzrə bacarıqlarını müqayisə etməyə imkan verib.

  

İndi növbə peşə təhsilinə çatıb. OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas  Şleyxerin sözlərinə görə, Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramından (PISA) ilhamlanan OECD peşə təhsili və təlimi (VET) proqramlarını başa vuran şagirdlərin bacarıqlarını ölçmək üçün yeni beynəlxalq qiymətləndirmə hazırlayır. PISA-VET biznes işçiləri, elektriklər,  otel  idarəçiləri, avtomexaniklər və tibb bacılarının köməkçisi olmağa hazırlaşan tələbələrin qabiliyyətlərini beynəlxalq səviyyədə ölçmək və müqayisə etmək üçün ilk cəhd olacaq. Yenilikçi təşəbbüs peşə bacarıqlarının ölçülməsi üsullarını yeni bir şəkildə müəyyənləşdirməyə imkan verəcək, ölkələrə bir-birinin peşə təhsili və təlimi proqramlarından öyrənmək və təhsil siyasətlərini tənzimləməyə imkan verəcək.

 

VET: beynəlxalq qiymətləndirmədə yeni cinah

 

PISA-VET-in mərkəzində martın 19-da istifadəyə veriləcək və qiymətləndirmə üçün yol xəritəsi rolunu oynayacaq yeni çərçivə dayanır. O, testlərin hazırlanması və məlumatların təhlili üçün təlimatlar təqdim edir və peşələr üçün tələb olunan bilik və bacarıqları,  onların necə qiymətləndirilməsini müəyyənləşdirir. Testin dizaynı Almaniyanın ASCOT tədqiqat proqramı və WorldSkills kimi uğurlu bacarıqların qiymətləndirilməsi təcrübəsinə əsaslanır. O, həmçinin iş yerində praktiki bacarıqları qiymətləndirmək üçün ən son texnoloji nailiyyətlərdən maksimum istifadəni nəzərdə tutur.

 

Qiymətləndirmə testi PISA-VET-in əsas məqsədinə çatmasına imkan verəcək: beynəlxalq standart qiymətləndirmə inkişaf etdirilərək milli inkişaf sistemlərini gücləndirəcək. Layihənin məqsədi peşəkar proqramların keyfiyyəti və effektivliyi barədə vaxtında məlumat toplamaq, onların daim təkmilləşdirilməsinə və cəlbediciliyinə kömək etməkdir. PISA modelinə bənzər müntəzəm məlumat toplama islahatlar və onların təsirlərini müşahidə etməyə imkan verəcək və qarşılıqlı öyrənməni asanlaşdıracaq.  Siyasətçilər, işəgötürənlər, tələbələr və sosial tərəfdaşlar VET  proqramlarının keyfiyyətini, aktuallığını, səmərəliliyini artıran əvəzsiz məlumatlardan faydalanacaqlar.

 

Peşə təhsili və təlimi diqqət mərkəzindədir

 

Qeyd olunur ki, bütün bunlar peşə təhsili və təliminin təkamülünün həlledici məqamına təsadüf edir. Dünya yaşıl və rəqəmsal keçidlər kimi böyük struktur dəyişikliklərinə məruz qaldığından, peşə təhsilinin əhəmiyyəti heç vaxt bu qədər aydın olmamışdır. Cəmiyyət və əmək dinamikasının strukturu dəyişdikcə, VET həm gənclərin, həm də böyüklərin cəmiyyətlərin və əmək bazarlarının tələb etdiyi bacarıqlarla təchiz edilməsində mühüm rol oynayır.

 

Bir çox ölkələr effektiv, yüksək keyfiyyətli peşə proqramlarının artan əhəmiyyətini qəbul edirlər. Nəticə etibarı ilə, VET siyasətin gündəmində yüksək yer tutur. Siyasətçilər peşə təhsili və təliminin  məktəbdən iş həyatına keçidi və ömürboyu təhsili dəstəkləmək üçün effektiv vasitə olmasını təmin etmək istəyirlər.

 

A.Şleyxer vurğulayır ki,  peşə təhsilində PISA qiymətləndirməsinin tətbiqi, sadəcə OECD-nin təşəbbüsü deyil. “Bu,  quruma üzv olan 13 ölkəni, 100-dən çox milli eksperti, həmkarlar ittifaqı nümayəndələrini, peşə təhsili müəssisələrinin tələbələrini əhatə edən qlobal əməkdaşlıqdır. Əsas odur ki, işəgötürənlər mərkəzi yer tuturlar. Aydındır ki, biznesin peşə proqramları üçün tərəfdaş və işəgötürən kimi mühüm rolu var. İşəgötürənlərin bacarıqlara olan ehtiyacları, onların peşə təhsili məzunlarından gözləntiləri və onların təlimi ilə bağlı təcrübələri OECD-yə müvafiq və etibarlı qiymətləndirmənin tərtib edilməsinə kömək etmək üçün mühüm məlumat verəcək. Buna görə də OECD təşəbbüsü həyata keçirmək üçün peşə təhsili və təlimi ilə məşğul olan biznes, sənaye və işəgötürən təşkilatlarla  tərəfdaşlıq edir”.

 

Növbəti addım

 

PISA-nın direktoru bildirir: “Hələ görüləsi işlər çoxdur. Növbəti addımlar çərçivəsində qiymətləndirmə alətlərinin hazırlanması və dörd ölkədə pilotlaşdırılması nəzərdə tutulur: Avstraliya, Almaniya, Portuqaliya və Birləşmiş Ərəb Əmirlikləri. Növbəti mərhələ qiymətləndirmənin etibarlılığını, əsaslılığını, müqayisəliliyini və ucuzluğunu təsdiqləmək məqsədi daşıyır. Bundan sonra PİSA-VET qiymətləndirmələri daha geniş ölkələr üzrə pilotlaşacaq. PİSA-nı VET-in dinamik dünyasına genişləndirməklə, OECD-nin məqsədi streotipləri qırmaq və bacarıqların qiymətləndirilməsi dünyasını silkələməkdir. Bu, maraqlı bir vaxtdır; peşə təhsili və təlimində artan keyfiyyət və bərabərliyin yaxşılaşdırılmasının gələcəyini təmin etməyi vəd edən həyəcanverici vaxtlardır”.
 

Oruc MUSTAFAYEV



29.02.2024 | 09:59