UNEC və Gürcüstanın Kutaisi Beynəlxalq Universiteti əməkdaşlığa dair memorandum imzalayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

 

Gürcüstanın Kutaisi Beynəlxalq Universitetinin (KBU) rektoru Aleksander Tevzadzenin dəvətilə səfərdə olan UNEC-in nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.

 

Səfərin ilk günündə rektor Ə.Muradov KBU-nun rektoru Aleksander Tevzadze ilə görüşüb. Görüşdə UNEC nümayəndələrinə Kutaisi Beynəlxalq Universiteti barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ildən tələbə qəbuluna başlayan və ingilis dilində təhsil verən KTU Almaniyanın Münhen Texniki Universiteti ilə birgə fəaliyyət göstərir. Universitetin Kutaisidə açılmasının əsas səbəbinin həmin regionun inkişafına stimul vermək olduğu qeyd edilib. Pedaqoji heyətin böyük bir hissəsinin Almaniyadan olduğu diqqətə çatdırılıb.

 

Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən birgə ixtisasın açılması, müəllim və tələbə mübadiləsi, tədqiqatların aparılması və laboratoriyaların yaradılması imkanları müzakirə olunub. Müzakirələrin sonunda  Anlaşma memorandumu imzalanıb.

 

UNEC rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin növbəti görüşü Tbilisi Beynəlxalq İqtisadiyyat Məktəbində (İSET) olub.

 

Görüşdə bildirilib ki, İSET 2016-cı ildə Tbilisi Dövlət Universiteti və Dünya Bankı ilə birlikdə yaradılıb və ingilis dilində təhsil verir.

 

Rektor Ə.Muradov UNEC-də ingilis dilində tədris verən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) fəaliyyət göstərdiyini deyib. ISE-nin ölkədə brend fakültə olaraq tanındığını, öz sahələri üzrə yüksək nəticə göstərən tələbə və məzunlarının olduğunu diqqətə çatdırıb.

 

İSET ilə UNEC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunduqdan sonra,  hər iki universitet üçün faydalı ola biləcək qərarlar qəbul edilib.

 



28.02.2024 | 17:35