FİSO Olimpiadasının seçim turunun mükafatlandırılma mərasimi

Bakı Ali Neft Məktəbinin (BANM) konfras zalında FİSO Olimpiadasının Riyaziyyat və ingilis dili üzrə Azərbaycan seçim turunun mükafatlandırılma mərasimi keçirilib.

 

Azərbaycanın müxtəlif bölgələrində təhsil alan məktəb şagirdlərinin akademik nailiyyətlərini qeyd etmək məqsədi ilə keçirilən mərasimi  Global Olympiad Centerin (GOC) direktoru Xəyal İbrahimzadə açıb. Çıxışı zamanı X.İbrahimzadə bildirib ki, bu gün burada toplanmağımızın səbəbi yalnız mükafatlandırma deyil, həm də gələcəyimizin parlaq ulduzlarını təbrik etmək, onlara dəstəyimizi göstərməkdir.

 

Tədbir BANM rektoru Elmar Qasımovun çıxışı ilə davam edib. O, şagirdlərin səylərini yüksək qiymətləndirib və belə deyib:  "Sizlər bu yarışda göstərdiyiniz bacarıq və həvəs ilə bizim üçün nümunəsiniz. Azərbaycanın gələcəyi sizin kimi istedadlı gənclərin əlindədir. Sizləri təbrik edir və FİSO-nun final mərhələsində uğurlar arzulayıram".

 

Sonra şagirdlərə medalları təqdim olunub.

 

Qeyd edək ki, FİSO Olimpiadasının final mərhələsi bu il Birləşmiş Ərəb Əmirliklərinin  Dubay şəhərində keçiriləcək. İyunun 22-26 tarixləri arasında təşkil ediləcək bu nüfuzlu tədbirdə 36 ölkədən gələn iştirakçılar öz bacarıq və biliklərini nümayiş etdirəcəklər. Azərbaycanı bu beynəlxalq arenada təmsil edəcək komanda, ölkəmizin akademik potensialını və gənclərinin istedadını dünyaya nümayiş etdirmək fürsəti qazanacaq.

 

 



28.02.2024 | 17:00