ADA Universitetində İtaliya-Azərbaycan Bağçılıq Sərgisi

ADA Universiteti ilə İtaliyanın Bolonya Universitetinin birgə təqdim etdiyi “Davamlı Bağçılıq Sistemləri” sertifikat proqramının Bakı modulunun bağlanışı çərçivəsində İtaliya-Azərbaycan Bağçılıq Sərgisi keçirilib.

 

ADA Universiteti və İtaliyanın “MacFrut” sərgisinin təşəbbüsü, İtaliya–Azərbaycan Ticarət Palatası, (İTAZERCOM), “Caspian Agro” və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilati dəstəyi ilə ilk dəfə keçirilən sərgidə bağçılıq sahəsində fəaliyyət göstərən 20-dək İtaliya və Azərbaycan şirkəti iştirak edib. İtaliyanı təmsil edən şirkətlər, əsasən kənd təsərrüfatı, qida texnologiyası və innovasiya üzrə, Azərbaycanı təmsil edən şirkətlər isə əsasən, meyvəçilik, şitilçilik və quru meyvə istehsalı üzrə ixtisaslaşıblar.

 

Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri, İtaliyanın Azərbaycandakı səfiri, ADA rəhbərliyi, bağçılıq sahəsi üzrə ixtisaslaşmış yerli və xarici ekspertlər sərgi ilə tanış olublar. Kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi sərgidə sertifikat proqramının iştirakçıları yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşüb, iş imkanları ilə tanış olublar.

 

Daha sonra “Davamlı Bağçılıq Sistemləri” birgə sertifikat proqramının Bakı modulunun bağlanış mərasimi keçirilib. Mərasim İtaliya-Azərbaycan Universiteti çərçivəsində yeni təqdim edilən kənd təsərrüfatı və qida elmləri fakültəsinin dekanı Matteo Vittuarinin çıxışı ilə açıq elan edilib. Qeyd edilib ki, beş gün davam edən modul zamanı bağçılıq sahəsində çalışan mütəxəssislər üçün keçirilən təlimlərdə istehsalat, hökumət və akademik dairələrin nümayəndələri yerli kiçik və orta müəssisələrin aktual problemləri və çağırışlarına cavab tapmaq üçün fikir mübadiləsi aparıblar.

 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, ADA Universiteti kənd təsərrüfatı sahəsində beynəlxalq təcrübəyə, eləcə də bu sahənin inkişafı üçün lazım olan biliklərə malik peşəkarlar yetişdirir.

 

Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Azad Cəfərlinin çıxışı ilə davam edib və çıxış zamanı İtaliya-Azərbaycan Universitetinin nəzdində fəaliyyət göstərən kənd təsərrüfatı və qida elmləri fakültəsinin insan kapitalının inkişafı, kənd təsərrüfatı və qida sahəsində tədqiqat işlərinin genişləndirilməsindəki rolundan bəhs edilib.

 

Daha sonra iştirakçılar Bolonya Universitetinin rektoru Giovanni Molari və universitetin kənd təsərrüfatı elmləri və texnologiyaları fakültəsinin direktoru Rosalbo Lanciottinin videomüraciətini izləyiblər.

 

Sonda İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri vurğulayıb ki, İtaliya ilə Azərbaycan arasında intellektual əməkdaşlıq olduqca vacibdir və sevindirici haldır ki, bu əməkdaşlıq təhsil sahəsində ADA Universiteti vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, sertifikat proqramının Bakı modulu zamanı tədqiqatçılar və beynəlxalq mütəxəssislərlə seminarlar, Azərbaycan və İtaliyada bağçılıq üzrə ixtisaslaşmış istehsalçılar arasında işgüzar görüşlər, o cümlədən peşəkar seminarlar keçirilib. Proqramın növbəti modullarının aprel və may aylarında keçirilməsi nəzərdə tutulub.

 



28.02.2024 | 14:15