Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər başlayıb | |
Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi” ilə bağlı təlimlər başlayıb.
ARTİ-dən bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd ölkədə karyera bələdçiliyinin təkmilləşdirilməsinə dair dəstək mexanizmlərinin həyata keçirilməsi, eləcə də təlim iştirakçılarının şagirdlərə effektiv karyera rəhbərliyi yollarını öyrətməklə onların təhsil həyatından iş dünyasına səmərəli keçidini təmin etməkdir.
Təlimlər layihənin eksperti Şahinaz Xəlil tərəfindən aparılır. Təlim boyunca iştirakçılar interaktiv təlim metodları, oyunlar, qrup işləri və qarşılıqlı öyrənmə çərçivəsində ilkin praktiki səriştələr əldə edirlər. Əlavə olaraq, iştirakçılar təlimlərdə özünüdərketmə və karyera seçimində daha əhatəli qərar vermək barədə də bilik toplayırlar. Fevralın 26-dan başlayan təlimlərin 1 mart tarixinədək davam etməsi planlaşdırılır.
Qeyd edək ki, sözügedən təlimlərə 21 nəfər cəlb olunub.
|
|
28.02.2024 | 14:03 | |
|
|
|