Pedaqoji Universitetdə Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib.

        

ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında keçirilən dəyirmi masada universitet rəhbərliyi, müvafiq struktur rəhbərləri, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin oktyabrın 15-də Azərbaycan bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı:”Bu il Xocalı faciəsinin ildönümünü daha fərqli ovqatda qeyd edirik. Baxmayaraq ki, Xocalı yarası heç zaman sağalmaz, amma bu gün bu torpaqda üçrəngli bayrağımızın dalğalanması bir daha sübut edir ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır”.

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev Xocalı faciəsi və sonrakı proseslər haqqında fikirlərini söyləyərək, hadisəyə düzgün siyasi qiymət verilməsində Ulu öndər Heydər Əliyev faktorunun vacibliyini vurğulayıb.

 

Tədbirin sonunda filologiya fakültəsinin III tədris ili tələbəsi Aytac Muradlı Mahirə Nağıqızının “Şəhidlər” şeirini səsləndirib, Xocalı dəhşətlərini özündə əks etdirən videoçarxlar izlənilib.

 

 



26.02.2024 | 20:37