BDU-da Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Ötən əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

 

Rektor E.Babayev vurğulayıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

 

E.Babayev Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolunu qeyd edib.

 

Rektor Xocalı soyqırımının anım gününün Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrildiyini vurğulayıb: “Artıq dördüncü ildir ki, xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu”.

 

Sonra BDU-nun hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Turqay Hüseynov, kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Xocalı soyqırımının canlı şahidi, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin koordinatoru Mürvət Məmmədov, əslən Xocalıdan olan tələbələr Aysel Quliyeva, Arzu Abdullazadə çıxış ediblər. Çıxışlarda Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verilib, Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflər səsləndirilib.

 

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.       

 



26.02.2024 | 16:53