Təhsildə keyfiyyətə təminat üçün | |
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinq keçirib. O, keyfiyyət təminatı və tanınma istiqamətində aparılan işlərlə bağlı məlumat verib, təhsil müəssisələrinin, ixtisaslaşma və təhsil proqramlarının akkreditasiyası, qeyri-formal və informal təhsilin tanınması, xarici kvalifikasiyaların tanınması istiqamətində 2023-cü il üzrə hesabatı, 2024-cü il üzrə hədəfləri açıqlayıb.
T.Əhmədov məlumat verib ki, keçən ildən dövlətin maliyyələşdirdiyi ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsinə başlanıb. ADA, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin həyata keçirdiyi 11 proqramın akkreditasiyası qiymətləndirilməsi yekun mərhələsindədir. ADAU-nun Ege Universiteti ilə həyata keçirdiyi 4 ikili diplom proqramı, ADA-nın Corc Vaşinqton Universiteti (CVU) ilə 2, BMU-nun İNHA ilə 4 proqramı və ADPU-nun CVU ilə həyata keçirdiyi 1 proqram üzrə artıq sahə baxışı həyata keçirilib, yekun hesabatlar hazırlanma mərhələsindədir.
Bu il 11 universitetdə institusional akkreditasiya keçiriləcək
Ötən il Azərbaycanda 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində bu proses uğurla tamamlanıb. Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Bakı Dövlət Universitetinin Qazax filialında müəyyən çatışmazlıqlar qeydə alınıb və aradan qaldırılması üçün bir il vaxt verilib.
2024-cü ildə vaxt verilən bu 3 ali təhsil müəssisəsi ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Slavyan Universitetinin də institusional akkreditasiya qiymətləndirilməsi aparılacaq.
Bakı Dövlət Universitetinin magistratura səviyyəsi üzrə 6 ixtisaslaşmanın (Yüksək molekullu birləşmələr kimyası, Neft kimyası, Üzvi kimya, Qeyri-üzvi kimya, Analitik kimya, Fiziki kimya) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələri dövlət akkreditasiyasında nəzərə alınıb. Bura yüksək molekullu birləşmələr kimyası, qeyri-üzvi kimya, neft kimyası, analitik kimya, fiziki kimya və üzvi kimya aiddir.
Peşə təhsilində
Təkcə ali təhsil müəssisələri deyil, peşə təhsili müəssisələrində də akkreditasiya qiymətləndirilməsi başlayıb. Ötən il 2 peşə təhsili müəssisəsinin - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
Bu il peşə təhsili müəssisələrinin akkreditasiya meyarlarının təsdiqi və 5 peşə təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi nəzərdə tutulub.
Ötən il 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib: “Ümumilikdə, qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib”.
Bu il 5 peşə ixtisası - kargüzar, kompüter operatoru, poliqrafiya üzrə dizayn, mühafizəçi, avtomobil mühərriklərinin yığıcısı üzrə vətəndaşların bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq.
Azad olunan ərazilərdə 15 yeni peşə ixtisası üzrə vətəndaşların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılacağı planlaşdırılıb.
Diplomlar niyə tanınmadı?
T.Əhmədov xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı məsələyə geniş yer ayırıb. Onun sözlərinə görə, ötən il ümumilikdə 7021 müraciətin ekspertizası keçirilib. 5868 nəfərə müsbət, 1153 müraciətə isə mənfi rəy verilib.
Müraciətlərə mənfi rəylərin verilmə səbəbləri isə müxtəlifdir. Təhsilalanların təhsil aldıqları ölkələrdə təhsil müddətinə uyğun qalmamaları bu səbəblərdən biridir və bu fakt qəbul olduğu təhsil müəssisəsində vətəndaşın təhsil normativinə riayət etmədiyini göstərir.
“Hazırda Türkiyədə 37 min azərbaycanlı tələbə təhsil alır. Bu o deməkdir ki, yaxın gələcək üçün məhz həmin ölkə üçün diplom tanınması üzrə müraciətlər çoxluq təşkil edəcək”, - deyən Tural Əhmədovun sözərinə görə, tanınma ilə əlaqəli verilən mənfi rəylər həm də aşağı reytinqli ali təhsil müəssisələri ilə bağlıdır: “Bu siyahıda ilk yerdə Rusiya, Ukrayna və Gürcüstan gəlir. Vətəndaşlara tövsiyə edilir ki, xarici ali təhsil müəssisələrini seçdikdə reytinq və nüfuzluluq elementinə diqqət etsinlər”.
Ruhiyyə DAŞSALAHLI
|
|
23.02.2024 | 09:38 | |
|
|
|