“Elmi tədqiqat üzrə birgə əməkdaşlıq gənc alimlərin elmi fəaliyyətinə öz töhfəsini verəcək” | |
Sumqayıt Dövlət Universiteti (SDU) və Polimer Materialları İnstitutunun (PMİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gənc alimlərin yeni çağırışlara cavab verən elmi-tədqiqat perspektivləri” adlı Strateji panel-müzakirə keçirilib.
SDU-da baş tutan tədbirdə universitetin rektoru dosent Rüfət Əzizov, Polimer Materialları İnstitutunun baş direktoru Bəxtiyar Məmmədov və hər iki elmi müəssisənin alimləri, tədqiqatçıları iştirak ediblər.
Rektor Rüfət Əzizov 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışıb, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələr sırasında olduğunu qeyd edib və bu sahədə gənc alimlərin fəaliyyətini xüsusilə vurğulayıb.
““Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı gənc alimlərimiz Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması ilə əlaqədar həmin bölgələrdə müxtəlif tədqiqatlar apararaq, dövlətimizin quruculuq işlərinə öz töhfələrini verirlər. PMİ ilə SDU arasında kadr hazırlığı və elmi tədqiqat üzrə birgə əməkdaşlığa dair keçirilən tədbirdə müzakirə olunan məsələlər gənc alimlərin elmi tədqiqat işinə öz töhfəsini verəcək”-deyə R.Əzizov bildirib.
Rektor onu da diqqətə çatdırıb ki, son illərdə neft kapitalının insan kapitalına çevrilməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olub:” Bu istiqamətdə SDU-da elmi-tədqiqat sahəsinin inkişafı əsas hədəflərdəndir. Milli İnnovasiya Sisteminin inkişafını təmin edən əsas amillərdən biri universitet-sənaye əməkdaşlığının formalaşması və genişləndirilməsidir. Universitet-sənaye əlaqələrinin formalaşması və inkişafı məqsədilə ölkəmizdə və SDU-da bir çox işlər həyata keçirilir”.
PMİ-nin baş direktoru Bəxtiyar Məmmədov ali təhsil müəssisələri ilə elmi tədqiqat institutlarının qarşısında duran vəzifələrdən, PMİ ilə SDU arasındakı əməkdaşlıqdan danışıb. O, hər iki qurum arasında qarşılıqlı maraqlar çərçivəsində müştərək tədqiqatların aparılmasını, elmi kadrların hazırlığını və mübadiləsini, birgə tədqiqat layihələrinin hazırlanması istiqamətdə hər cür şərait yaradıldığını qeyd edib.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, SDU ilə PMİ arasında elmi potensialın inkşaf etdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin həyata keçirilməsi müzakirə olunub. Ş Şakir CƏFƏROV
|
|
22.02.2024 | 18:11 | |
|
|
|