BDU tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayır

Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçəcəklər.

 

Tələbələrlə görüşdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev  bildirib ki, AKİ istər sovet dövründə, istərsə də müstəqillik dönəmində ixtisaslaşmış nadir elmi mərkəzlərdən biri olmaqla, dünya və respublika əhəmiyyətli fundamental, innnovativ elmi nailiyyətlərə imza atıb. Elm məbədində dünya şöhrətli kimyaçı alimlər çalışıb və belə bir mühütdə sabahın müəllimi, alimi, mütəxəssisinin təcrübə keçməsi onlara əlavə üstünlük qazandırır.

 

Akademik rəhbərlik etdiyi institutun Bakı Dövlət Universiteti ilə elm və təhsilin inteqrasiyası istiqamətində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “Bu əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat təcrübəsi keçməsi təmin olunur. Universitetdə təhsil aldığınız 4 il müddətində qazandığınız nəzəri bilikləri praktik biliklərlə möhkəmləndirmiş olursunuz. Laboratoriyalarda tələbələrin müvafiq biliklərə yiyələnməsi üçün hər cür imkanlar yaradılıb; onlar cihaz və avadanlıqların iş prinsipi, aparılan tədqiqatların mahiyyət və məzmunu ilə yaxından tanış olacaqlar; özləri belə tədqiqat proseslərinə qoşula biləcəklər”.

 

Görüşdə iştirak edən BDU-nun neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov tələbələrə göstərilən qayğı və diqqətə görə institut rəhbərliyinə minnətdarlığını bildirib.

 

AKİ-nin icraçı direktoru professor Əfsun Sucayev də bildirib ki, təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunacaq və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı qazanacaqlar.

 

Görüşün sonunda tələbələr qruplara ayrılaraq ayrı-ayrı laboratoriyalara təhkim olunub.



22.02.2024 | 14:37