“Elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar” | |
Sumqayıt Dövlət Universitetində (SDU) filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə 21 Fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə çıxış edən universitetin rektoru dosent Rüfət Əzizov Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Bildirib ki, dəyirmi masada Azərbaycan dilinin tədrisində dərslik və yeni yanaşmalarla yanaşı, bu istiqamətdə görülən işlər, pedaqoji kadr hazırlığı ilə bağlı bir sıra məsələlər diqqət mərkəzində olacaq:”Ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir və uğurlu nəticələr əldə olunur. Bu gün dərsliklərin yenilənməsində xarici təcrübə çox geniş şəkildə öyrənilməkdədir. Bu baxımdan ali təhsil müəssisələri bu resurslardan istifadə etməli, buna uyğun olaraq kadr yetişdirməlidir. Sumqayıt Dövlət Universitetində elmi-pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirilir”.
Tədbirdə Azərbaycan dili dərslik layihəsinin rəhbəri Rafiq İsmayılov “Dil tədrisində kommunikativ yanaşmanın əsas prinsipləri”, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova “Ana dili fənn kurikulumlarının məqsədi və vəzifələri”, ARTİ-nin Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanalıyeva “1-6-cı siniflər üzrə Azərbaycan dili dərsliklərinin həmmüəllifi”, SDU-nun 2005-ci il məzunu, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin müəllimi, 2014-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Xəyalə Quliyeva “Ana dilinin tədrisi dünya təcrübəsində” mövzularında geniş məruzə ilə çıxış ediblər. Çıxışlarda yeni dərsliklərin hazırlanma prosesi, dərsliklərin məzmunu və struktur fərqləri, dilin tədrisində yeni konseptual yanaşmalar haqqında ətraflı məlumat verilib.
Görüşdə elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar, ARTİ ilə SDU arasında əməkdaşlıq və bu əməkdaşlıq çərçivəsində tələbələrin Təhsil İnstitutunda təcrübə keçmələri məsələsi müzakirə olunub. |
|
22.02.2024 | 10:36 | |
|
|
|