Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyasının əsası qoyulub

Fevralın 21-də ADA Universitetində Azərbaycanın bir neçə ali təhsil müəssisəsini təmsil edən bir qrup təhsil tədqiqatçısının təşəbbüsü ilə Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının (AzERA) yaradılması və Avropa Təhsil Tədqiqatları  Assosiasiyasına (EERA) üzvlüyünün elan olunması ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Avropa Təhsil Tədqiqatları Assosiasiyasının prezidenti professor Marit Honerod Hoveid və vitse-prezidenti professor Lucian Ciolanın iştirakı ilə görüş təşkil olunub. Görüşdə Azərbaycanın təşkilatda təmsilçiliyi və Avropa Assosiasiyası ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

    

Azərbaycanın təhsil tədqiqatları üçün önəmli gün
    

Görüşdə çıxış edən Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyasının prezidenti, təhsil üzrə fəlsəfə doktoru Cavid Cəfərov tədbir və Avropa Təhsil Tədqiqatları  Assosiasiyası ilə gələcək əməkdaşlıq imkanları haqqında məlumat verib. Qeyd edib ki,  Avropa ölkələrinin təhsil assosiasiyalarını və təhsil icmasını bir araya gətirən Avropa Təhsil Araşdırmaları Assosasiyasına üzvlük Azərbaycanda təhsil sahəsində tədqiqat infrastrukturunun inkişaf etdirilməsi, Avropa təhsil assosiasiyaları və universitetləri ilə geniş səpkili əməkdaşlığın yaradılmasına təkan verən bir hadisədir. Həmçinin, üzvlük əsasında fəaliyyət göstərəcək və təhsil sahəsində çalışan tədqiqatçıları bir araya gətirəcək Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyası vasitəsilə bu assosiasiyaya üzv olan tədqiqatçılar birbaşa Avropa Assosiasiyasının üzvlük imkanlarından yararlana biləcəklər. C.Cəfərov Təhsil Araşdırmaları Assosiasiyasının fəaliyyətini dəstəklədikləri üçün Təhsil İnstitutu və tədbirə ev sahibliyi etdiyi üçün ADA Universitetinin rəhbərliyinə təşəkkür edib:

 

“Bu gün Azərbaycanın təhsil sahəsi və təhsil tədqiqatları üçün çox önəmli gündür. Bilirsiniz ki, Azərbaycanda təhsil sahəsində bir sıra assosiasiyalar mövcuddur. Lakin bizim Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyası (AzERA) ona görə önəmlidir ki, Azərbaycandan ilk dəfə bizim assosiasiya Avropa Təhsil Tədqiqatları Assosiasiyasına (EERA) üzvlük hüququ qazanır. EERA ilə iki ildən çoxdur ki, görüşlər təşkil edirik. Bu görüşlər həm onların Berlin ofisində olub, həm də onlar Bakıda olublar. Çox şadam ki, bunu həyata keçirə bildik. Bu gün EERA-nın rəhbər şəxsləri buradadırlar Biz artıq EERA-ya qoşuluruq. Elm və Təhsil Nazirliyi, ADA Universiteti, Təhsil İnstitutu bizə ciddi dəstək oldu. Ümid edirəm ki, Avropa Təhsil Tədqiqatları Assosiasiyası ilə uğurlu əməkdaşlıq edəcəyik”.

 

Ölkəmizdə təhsil tədqiqatları ilə məşğul olan təşkilatlara ehtiyac var

 

ADA-nın akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov qonaqları salamlayıb və ölkədəki insan kapitalının inkişafı üçün belə əməkdaşlığın önəmini vurğulayıb.  
Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının yaradılması təşəbbüsünüə görə təbriklərini çatdıran  ADA Universitetinin ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev  ölkəmizdə təhsil tədqiqatları ilə məşğul olan təşkilatlara ehtiyac olduğunu vurğulayıb. Ümid etdiyini bildirib ki,  bu assosiasiya Azərbaycan və Avropa tərəfdaşları arasında, xüsusən də təhsil sahəsində daha çox inkişafa, əməkdaşlığa nail olmaq üçün tədqiqatlara  təkan verəcək: “Ümid edirəm ki, bundan sonra təhsili təşviq edən, təhsilin inkişafına təkan verən  daha çox birliklər, təşəbbüslər və platformalar yaranacaq” .

 

Daha sonra çıxış edən ADA Universitetinin strateji inkişaf üzrə prorektoru Vəfa Kazdal Azərbaycanda təhsil tədqiqatlarında nailiyyətlər və boşluqlardan, ölkə iqtisadiyyatı və təhsili üçün bu kimi birgə səylərin  əhəmiyyətindən danışıb. Azərbaycanda təhsil araşdırmalarının önəmindən bəhs edən V.Kazdal qarşılıqlı əməkdaşlığın iqtisadiyyat üçün səmərəli nəticələr verəcəyinə əminliyini bildirərək hazırda təhsil tədqiqatlarının ölkə qarşısında duran vəzifələrin həllində vacibliyini qeyd edib.
 

    

Təhsil araşdırmalarının cəmiyyətə töhfəsi

 

Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyası ilə gələcək əməkdaşlığından ümidli və sevincli olduğunu qeyd edən Avropa Təhsil Araşdırmaları Assosiasiyasının prezidenti professor Marit Honerod Hoveid Avropa Assosiasiyasının təhsil araşdırmaları üzrə gördüyü işlərdən, təhsil araşdırmalarının cəmiyyətə necə töhfə verəcəyindən bəhs edib. Tədbirə dəvət olunmağından və  Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının yaradılmasından  məmnunluğunu ifadə edən M.Hoveid rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən, təşəbbüslərindən danışıb.  Qeyd edib ki, EERA təhsil tədqiqatları assosiasiyalarının  birliyidir. Qurum geniş mənada bütün təhsil növlərinin müxtəlifliyini əks etdirir. EERA-nın Avropada 40-dan çox assosiasiyalarının yaradıldığını qeyd edən avropalı professor qeyd edib ki,  bizim əsas məqsədimizə təhsil tədqiqatlarını, təhsili, cəmiyyətin və təşkilatın özünü inkişaf etdirmək daxildir.

EERA-nın missiyası barədə məlumat verən M.Hoveid qeyd edib ki,  “təhsil tədqiqatlarını yüksək səviyyədə inkişaf etdirməyə çalışan bir təşkilat olaraq, işimizin həqiqətən vacib sahələrindən biri gənc tədqiqatçılara dəstək göstərilməsidir; gələcəyin onlar üçün olduğunu bilirik. İqtisadiyyatınızı dəyişdirmək istəyirsiniz, amma bunu etmək istəyənlər gənc nəsildir, təhsil araşdırmalarından ibarət olan sahəmizdə onlar dəstəyə ehtiyac duyurlar. Təcrübəsiz bir tədqiqatçı cəlb etmək, təqaüd almaq və yaxşı tədqiqatları təşviq etməyin çətin olduğunu bilirik; eyni zamanda etmək istədiyimiz dəyişikliklərin əsasını bu təşkil edir”.
 

Yay məktəbləri kimi bir neçə fəaliyyət istiqamətlərinin mövcud olduğunu deyən M.Hoveid  əlavə edib ki, mart ayında ERA-nın Şurasının iclası keçiriləcək. O, ERA çərçivəsində irəli sürülən təşəbbüslərin həm gənc, həm də daha təcrübəli və ya yaşlı alimlərlə əlaqələr qurmaq olduğunu ifadə edib.

 

“Təşkilatımızın əsas ideyası təhsil və ictimaiyyət naminə təhsil tədqiqatını təşviq etməkdir. Burada gənc tədqiqatçılar üçün seminarlar və milli elmi tədqiqat konfransı keçirə bilərik. Bundan əlavə, EERA hər il beynəlxalq konfrans təşkil edir və azərbaycanlı tədqiqatçılar bu konfransda iştirak edə bilərlər”.

 

“Həqiqətən vacib olan tədqiqatçılıq potensialının artırılmasıdır”

 

Daha sonra Avropa Assosiasiyasının vitse-prezidenti, eləcə də Rumıniya Təhsil Tədqiqatları Birliyinin prezidenti professor Lucian Ciolanın təhsil tədqiqatçılarının beynəlxalq icmasına qoşulmaqla ölkənin əldə edə biləcəyi vacib imkanlardan danışıb. Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının yaradılması və bu qurumun Avropa Təhsil Araşdırmaları Assosiasiyasına qoşulmasını yüksək qiymətləndirən Lucian Ciola bu təşəbbüsün həqiqətən çox vacib olduğunu qeyd edib:  ”İndi üzv olduğumuz üçün düşünürəm ki, burada hamınızın göstərdiyiniz təşəbbüs həqiqətən vacibdir”.  
   

Öz ölkəsində Təhsil Tədqiqatları Assosiasiyasının yaradılması təcrübəsindən də danışan Lucian Ciolan qeyd edib ki, “belə bir assosiasiyanın yaradılması hər şeydən əvvəl, ölkədəki təhsil tədqiqatçılarına icma hissi verir; güman edirəm ki, həm burada, həm də mənim ölkəmdə belədir. Biz o qədər də çox deyilik, ona görə də həm ölkələrimizdə təhsil təcrübəsini təkmilləşdirmək, həm də siyasət hazırlamaq barədə məlumat vermək, icma olmağı bacardığımız zaman məlumatlı qərarlar qəbul etmək üçün birlikdə çalışmalı, səylərimizi birləşdirməliyik.  Bundan əlavə, həqiqətən vacib olan tədqiqatçılıq potensialının artırılmasıdır”.
 

 

Qeyd edək ki, ADA, BDU, ADU, SDU, Xəzər Universiteti və Təhsil İnstitutunun bir sıra nümayəndələrinin iştirak etdiyi tədbir öz işini fevralın 22-də də davam etdirəcək.
 

Oruc Mustafayev

 



22.02.2024 | 09:15