Hər bir dil özündə tarix yaşadır | |
Hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən, onu var edən ən mühüm və ən güclü vasitələrdən biri də dildir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, yüksək səviyyədə təhsil almasında, ətrafdakılarla ünsiyyət qurmasında önəmli rol oynayır.
Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa da geniş imkan yaradır. Hər bir dil özündə tarix yaşadır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tarixinin parlaq səhifəsi, öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən məhz həmin gün Beynəlxalq Ana Dili Günü elan edilib və 2000-ci ildən bütün dünyada qeyd olunur.
Xalq olaraq çox şanslıyıq ki, bizim doğma Azərbaycan dilimiz keçmişimiz, bugünümüz və sabahımızdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi.
Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Azərbaycan dili mədəni yığıncaqlar, siyasi müzakirələr, elmi simpoziumlar dilidir. Azərbaycan dili bizim milli varlığımızdır.
Beynəlxalq Ana Dili Günü ilə bağlı ölkəmizin təhsil müəssisələrində keçirilən tədbirlərdə də uşaq, yeniyetmə və gənclərimizə bu günün yaranma tarixindən, başqa dillərə hörmətlə yanaşmağın önəmindən, ana dilimizin qədimliyindən və zənginliyindən söz açılır, milli dəyərlərimizlə yanaşı, dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılır...
Elə tələbə və şagirdlərimiz də Beynəlxalq Ana Dili Günündə öz fikirlərini "Azərbaycan müəllimi" ilə bölüşüblər.
Rübabə AĞAZADƏ, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin I kurs tələbəsi:
- Beynəlxalq Ana dili Gününün yaranma tarixini hələ orta məktəbdə təhsil alarkən özüm üçün araşdırmışdım. Beynəlxalq Ana Dili Günü bəşəriyyətin əvəzsiz sərvəti olan dil müxtəlifliyini və çoxdilliliyi qeyd etmək üçün əla fürsətdir. Bir Azərbaycan gənci olaraq ana dilimizdə sevərək danışıram və bundan böyük qürur duyuram. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir.
Həcər KƏRİMLİ, Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin VIII "a" sinif şagirdi :
-Təhsil aldığım məktəbdə hər il Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilir. Beynəlxalq Ana Dili Günü dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd olunur. Biz bu günü təhsil ocağımızda ana dilimizin gözəlliyini tərənnüm edən şeirlərlə, hazırladığımız təqdimatlarla və ədəbi-bədii kompozisiya ilə qeyd edirik.
Ana dili bizim həyatımız, inamımız və milli mənsubiyyətimizdir; dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Hər birimiz ana dilimizi mükəmməl bilməli və onu qorumalıyıq.
Əli ƏLİZADƏ, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin VII "e" sinif şagirdi:
- Beynəlxalq Ana Dili Günündə məhz öz dilimizdən, onun zənginliyindən danışmamaq qeyri-mümkündür. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Mənim üçün öz ana dilim dünyanın ən şirin və gözəl dilidir. Beynəlxalq tədbirlərdə, müsabiqələrdə Azərbaycan dilində çıxışları görəndə sevinc hissi keçirirəm.
Ana dilinin önəminə verilən mesaj...
Bəli, insanın inkişafında , bir şəxsiyyət olaraq formalaşmasında böyük rol oynayan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması cinayətdir. Və Beynəlxalq Ana Dili Günü irqindən, milliyyətindən asılı olmayaraq hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.
Samirə KƏRİMOVA
|
|
21.02.2024 | 11:23 | |
|
|
|