“Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsi üzrə tədbirlər keçirilir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “KATALİZATOR ArtHub” platformasının “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsinin ilk tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova universitetin fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, universitet hər zaman tələbənin maariflənməsi, daha geniş səpkili və dolğun biliklər əldə etməsi üçün çalışır, bu istiqamətdə dünyanın qabaqcıl universitetlərinin təcrübələrini örnək alaraq yeni layihələr hazırlayır.

 

Rektor qeyd edib ki, “KATALİZATOR ArtHub” ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov tərəfindən Britaniya Şurasının (British Council) Kreativ Prodüserlər Proqramı-2023 layihəsi çərçivəsində yaradılıb. KATALİZATOR yaradıcı sənayedə məhsuldar mühitin formalaşmasına təkan vermək üçün bütün yaradıcı ideyalara açıq olan incəsənət platformasıdır.

 

E.Cəfərovun “KATALİZATOR ArtHub” platformasının “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsi British Council-in dəstəyi ilə həyata keçirilir.
Daha sonra çıxış edən ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov layihə haqqında geniş məlumat verib:“KATALİZATOR ArtHub” bir-biri ilə sıx əlaqəsi olmayan sənətçiləri bir araya gətirərək, yeni ideyaların həyata keçirilməsinə və birgə yaradıcılıq prosesinin qurulmasına cəhd göstərəcək. “KATALİZATOR ArtHub” icra etməkdən çox, müxtəlif yaradıcı insanlar tərəfindən layihələrin həyata keçirilməsini dəstəkləmək üçün yaradılmış platformadır. Mərkəz, həmçinin, multidissiplinar layihələr yaratmaq üçün müxtəlif sənət sahələri arasındakı sərhədləri aradan qaldırmağı hədəfləyir. KATALİZATOR iki festivalın - "Echo of Lubimovka in Baku" və "CHARACTERS" Müasir Dramaturgiya Festivalının tərəfdaşı olub.


“KATALİZATOR ArtHub” tərəfindən təşkil edilən ilk müstəqil layihə “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.


Bu gün Azərbaycanda müasir Britaniya dramaturgiyası haqqında məlumat azdır. Sənətçilərimiz hələ də Britaniya dramaturgiyasından danışarkən Şekspirin, Bayronun, ən yaxşı halda isə S.Bekketin və başqalarının adlarını çəkirlər. Halbuki, müasir İngiltərə dramaturgiyası qeyd olunan dramaturqlarla bitmir. XX əsrin sonu, XXI əsrin əvvəllərində Böyük Britaniyada dramaturgiya inkişaf etmiş, bir çox yeni üslub və cərəyanlar, yeni mövzular, günümüzlə səsləşən problemlər gündəmə gətirilmişdir”.


“Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsi çərçivəsində Tom Stoppard, Harold Pinter, Saymon Stephens, Gregory Burke, Sarah Keyn, Mark Ravenhill, Martin McDonagh, Peter Shaffer, Caryl Churchill, Nik Payne, Phoebe Waller-Bridge, Nina Raine və s. kimi britaniyalı dramaturqların yaradıcılığına həsr olunmuş 3 seminar təşkil ediləcək. Seminarlar britaniyalı məruzəçilər və yerli ekspertlər tərəfindən keçiriləcək.


Layihənin Böyük Britaniyadan olan məruzəçiləri Kral İncəsənət Cəmiyyətinin üzvü, jurnalist, teleaparıcı, pedaqoq və teatr tənqidçisi Aleks Syerts, London Metropolitan Universitetinin İctimai İncəsənət və Performans üzrə pedaqoqu Manik Qovinda və dramaturq, Nitq və Dram Mərkəzi Kral Məktəbinin pedaqoqu Sara Qroçaladır.
Bu seminarlar əsasən, Böyük Britaniyanın çağdaş dramaturgiyasına və eksperimental teatr formalarına həsr olunacaq. Seminarda Böyük Britaniyadan dəvət olunmuş mütəxəssislər azərbaycanlı ekspertlərin moderatorluğu ilə Böyük Britaniya dramaturgiyasının ən yeni mərhələləri, yeni tendensiyalar, teatr formaları, tamaşalar və onların çağdaş Britaniya dramaturgiyasına təsiri haqqında danışacaqlar. Layihədə yerli mütəxəssislərdən sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, həmin kafedranın müəllimləri Emin Əliyev və Tərlan Rəsulov iştirak edəcəklər.


Layihə çərçivəsində, həmçinin Böyük Britaniyanın müasir müəlliflərinin üç əsərindən fraqmentlərin teatrallaşdırılmış oxunuşu həyata keçiriləcək. Oxunuşlar ADMİU-nun dosenti Əməkdar artist Yaqut Paşazadənin rəhbərliyi ilə teatr sənəti fakültəsinin tələbələri tərəfindən hazırlanıb.
 

Qeyd edək ki, layihə çərçivəsində ilk seminar baş tutub. Seminarda London Nitq və Dram Sənəti Kral Məktəbinin dramaturgiya kafedrasının müəllimi, dramaturq Sara Qroçalanın təqdimatında “Böyük Britaniyada çağdaş teatr/dramaturgiya” məruzəsi dinlənilib.


Ardından Emin Əliyevin moderatorluğu ilə “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi” mövzusunda müzakirə və Nik Peynin “Bürclər” pyesindən qısa fraqmentin oxunuşu keçirilib.
 

Qeyd edək ki, layihə çərçivəsində qarşıdakı günlərdə növbəti tədbirlər keçiriləcək.

 



19.02.2024 | 10:19