Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib | |
Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin yaz semestri üçün nəzərdə tutulan pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları, pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov müəllim kadrların hazırlığında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən, maddi-texniki bazasından və tələbələrin pedaqoji mühitə uyğunlaşması, pedaqoji biliklərini inkişaf etdirmələri üçün pedaqoji təcrübənin mühüm əhəmiyyətindən, müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalardan və “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda təhsillə bağlı göstərilən məsələlərdən danışıb. Natiq vurğulayıb ki, təcrübə müddətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.
Pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlər, təcrübə müddətində orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri əməkdaşlarının yerinə yetirəcəyi vəzifələr haqqında geniş məlumat verib.
Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev, pedaqoji fakültənin dekanı Samirə Həsənova isə internatura müddətində dekanlıqların qarşısında duran vəzifələrdən danışıb, tələbələrə tövsiyələrini verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
|
|
17.02.2024 | 11:01 | |
|
|
|