90 yaşlı qəzetin 90 yaşlı oxucusu | |
Bu il Elm və Təhsil Nazırliyinin orqanı olan “Azərbaycan müəllimi “ qəzetinin 90 yaşı tamam olur. Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əldə edilən bir sıra əhəmiyyətli nailiyyətlərin işıqlandırılmasında, bütövlükdə milli təhsilimizin uğurlarında “Azərbaycan müəllimi”nin rolu əvəzsizdir. Respublikamızın təhsil həyatında mühüm rol oynamış, fəaliyyət göstərdiyi 90 ildə təhsilimizin tam salnaməsini yaratmış qəzet çoxminli müəllimlərin, təhsil ictimaiyyətinin, bütövlükdə geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Qəzetimiz hər zaman dövlət qayğısını öz üzərində hiss edib. Qürur hissi ilə qeyd etmək istərdik ki, Ulu Öndər Heydər Əliyevin qəzetin 60 illik, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə 70 illik yubileyləri münasibətilə redaksiya kollektivinə göndərdikləri təbrik məktublarında “Azərbaycan müəllimi”nin fəaliyyətinə layiqli qiymət verilib, onun ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib.
Birbaşa təhsilimizin inkişafına xidmət göstərməyi hədəfləyən qəzet mövcud olduğu bu 90 il ərzində zaman-zaman özü də inkişaf edərək, təkmilləşərək sadiq oxucuları tərəfindən maraqla oxunan pedaqoji mətbuat imicini qorumağı bacarıb.
Bəli, bizim qəzeti təhsillə bağlı olan hər kəs oxuyur. Onun səhifələrində müəllimlərin, alim və pedaqoqların, tələbə və şagirdlərin müxtəlif səpkili yazılarına, elmi-metodik məqalələrə geniş yer verilir. Yetər ki, həmin yazılar, məqalələr maraqlı, oxunaqlı olsun, təhsilimizdə baş verən əsaslı dəyişikliklərdən, tətbiq edilən yeniliklərin uğurlu nəticələrindən, inkişafdan bəhs etsin.
Bu günlərdə oxucu auditoriyamızı nəzərdən keçirərkən hər bir əməkdaşımız üçün əziz olan sadiq oxucumuz, 90 yaşlı Yusif Qazıyevin yazıları diqqətimizi cəlb etdi. Hər dəfə qəzetə elmi- metodik, müəllim təcrübəsi ilə bağlı yazılarını təqdim edəndə onun necə məsuliyyət hissi, eyni zamanda həyəcan keçirməsinin dəfələrlə şahidi olmuşuq. Hələ imzası ilə yazıları dərc olunanda, həmçinin respublikamızın tanınmış alimləri, pedaqoqları tərəfindən onun müəllimlik və alimlik fəaliyyətinə həsr olunan məqalələr veriləndə sevincdən kövrəlməsini də görmüşük. Ömrünün 60 ildən çoxunu “Azərbaycan müəllimi” ilə əməkdaşlıq edən 90 yaşlı Yusif müəllimi hər həftənin 5-ci günü redaksiyamıza gələrək çapdan çıxan qəzetimizin yeni sayını şəxsən özünə təqdim etməyə artıq adət etmişik.
Bu dəfə isə “Azərbaycan müəllimi”nin kollektivi olaraq SADİQ OXUCUMUZU redaksiyaya biz dəvət etdik.
Beləliklə, qəzetimizin 90 illik yubileyi çərçivəsində ilk qonağı uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda alim, tədqiqatçı kimi tanınan pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, 90 yaşlı Yusif Qazıyevdir.
Bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya məruz qalmış pedaqoq
İlk öncə Yusif Qazıyevi oxucularımızla daha yaxından tanış etmək istəyirik. 1934-cü ildə Qərbi Azərbaycanın Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olan Yusif Xıdır oğlu Qazıyev 1949-cu ildə öz doğma kəndində natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) Pedaqoji Məktəbini, 1957-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib. Kəşməkəşli həyatı olan Yusif müəllim və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991-ci illərdə) məruz qalmış, hər dəfə də mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Lakin çəkdiyi əziyyətlər onu təhsildən soyutmayıb. Əksinə, müəllim olmaq, müəllimlik nuru ilə ətrafı aydınlatmaq , şagirdlərinin sevimlisinə çevrilmək onun ən böyük arzusu olub. Və müəllimlikdən alimliyə doğru pillə-pillə yüksəlib.
Təcrübəli pedaqoq 90 yaşının 53 ilini iki orta məktəbdə müəllimlik və eyni zamanda alimlik fəaliyyəti ilə məşğul olub. Bu 53 ilin 31 ilini Qərbi Azərbaycanda Pəmbək mahalının Arçut kəndində, 22 ilini isə Bakıdakı 276 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərib.
Yusif müəllim 2011-2021-ci illərdə AMEA-nın Tarix İnstitutunda “Azərbaycan xalqına qarşı soyqırımları” şöbəsində böyük elmi işçi işləyib.
Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, ölkəmizdə elmi-pedaqoji problemlərin həllində də fəal iştirak edən təcrübəli müəllim respublika miqyasında keçirilən pedaqoji konfranslarda mühazirə və məruzələr edib, öz iş təcrübəsini dövri mətbuatda - qəzet və jurnallarda işıqlandırıb. O, dəfələrlə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəçisi” üzrə rayon və şəhər müsabiqələrinin qalibi olub.
Tələbə ikən abunə yazıldığı 3 mətbu orqandan biri “Azərbaycan müəllimi” qəzeti olub
Qonağımız Yusif müəllim qəzetimizə olan maraq və sevgisindən söz açır: “1938-ci ildə evimizdə başqa yerdən gəlib bizim kənddə məktəb direktoru işləyən Məmməd Əliyev yaşayırdı. Məmməd müəllimlə tanışlığım məndə müəllimlik peşəsinə maraq oyatdı. Kənd məktəbinin 7-ci sinfini bitirdikdən sonra 1949-cu ildə müəllim olmaq üçün Gürcüstan SSR Marneuli Pedaqoji Məktəbinə daxil oldum. Orada tələbə ikən şəxsi vəsaitimiz hesabına 3 qəzetə - “Azərbaycan müəllimi”, “Kommunist” və Tbilisidə çap edilən “Zarya Vostoka” abunə yazıldıq. Biz tələbələr “Azərbaycan müəllimi” qəzetini həvəslə oxuyurduq və oradan maraqlı məlumatları kəsib albom düzəldirdik. Həmin albomun tərtibatçısının biri elə özüm idim. Qəzeti mütəmadi oxuyurdum. Və getdikcə məndə “Azərbaycan müəllimi” qəzetinə böyük maraq yarandı. Beləliklə, oxuduğum 4 il müddətində bizim kurs hər zaman “Azərbaycan müəllimi” qəzetini mütaliə edirdi. 1953-cü ildə ali məktəbə qəbul olundum . O zaman da gözüm “Azərbaycan müəllimi”ni axtardı və yenidən sevimli qəzetimə abunə yazıldım. Yenə də maraqlı məlumatları kəsərək özüm üçün albom düzəldirdim”.
“Qəzetdə mənimlə bağlı ilk yazı yüksək səviyyədə imtahan verməyim haqqında idi”
Qəzetlə bağlı xoş xatirələrini bölüşən Yusif müəllim deyir ki, 1957-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) son kursunda oxuduğu zaman tanınmış pedaqoqlar Hüseyn Əhmədov və Muxtar Hacıyev gəlib onların pedaqogika fənnindən imtahanında iştirak ediblər. Və həmin imtahanla bağlı “Azərbaycan müəllimi” qəzetinin 1957-ci il 27 iyul tarixli nömrəsində məqalə də dərc olunub: “Məqalədə mənim yüksək səviyyədə imtahanı verməyim qeyd olunurdu. Bu məqalə mənə çox əzizdir. Gəncliyimin xatirəsidir, eyni zamanda gələcək uğurlarımın başlanğıcı oldu”.
“Qəzetdə işləyənləri xatırladıqca yenidən həmin illəri sanki yaşayıram”
Yusif müəllim söyləyir ki, yolumun nə vaxtsa “Azərbaycan müəllimi” qəzeti ilə kəsişəcəyi ağlıma belə gəlməzdi: “Bir vaxtlar imzalarını yalnız qəzetdən tanıdığım redaksiya əməkdaşları ilə yaxından ünsiyyətdə olmağım, əməkdaşlığım müəllimlik, eləcə də bir alim kimi fəaliyyətimdə mühüm rol oynayıb. Qəzetdə işləyənləri xatırladıqca yenidən həmin illəri sanki yaşayıram. Dövrünün tanınmış ziyalılarından olan qəzetin mərhum baş redaktoru Şahin Səfərovun yazı müəlliflərinə olan həssaslığı, bu gün həyatda olmayan baş redaktor müavini Məhyəddin Əbdülovun müəllimlərə, tanınmış alim və pedaqoqlara xoş münasibəti, təmkinli davranışı, məqalələrinin qəzetdə çap olunmasını istəyənlərə verdiyi istiqamətlər haqqında çox eşitmişdim”.
Adıçəkilən mətbu orqanı ilə ilk yaxından tanışlığı o zamanlar baş redaktor olan mərhum Məhəmməd Baharlı ilə olub. Bu 1993-cü ilə təsadüf edirdi: “Qəzetin 1993-cü il 10 may tarixli nömrəsində “Məktəb kitabxanası və məktəbli oxucuların mütaliə mədəniyyətinin formalaşması mərhələləri” adlı məqaləm dərc olunmuşdu. Və həmin vaxtdan “Azərbaycan müəllimi” qəzeti ilə sıx əlaqələrim yarandı. Qəzetin baş redaktorları olmuş Valeh Mirzə, Bayram Hüseynzadə ilə, hazırda isə bu mətbu orqana rəhbərlik edən baş redaktor Sarvan İbrahimovla səmimi münasibətim var. Qəzetinizin bütün əməkdaşlarından çox razıyam. Peşəkar jurnalistlərin toplaşdığı bu redaksiyaya hər dəfə gələndə özümü çox rahat hiss edirəm, sanki doğmalarımın arasındayam. Bu illər ərzində “Azərbaycan müəllimi” qəzetində 28 elmi-pedaqoji və metodiki yazılarım gedib. Qəzetinizdə elmi və metodiki, həmçinin müəllimlik fəaliyyətim haqqında isə 15 məqalə dərc olunub”.
SADİQ OXUCUMUZ
Bizim Yusif müəllim 62 ildir ki, “Azərbaycan müəllimi” qəzetinin abunəçisi olduğunu söyləyir: “Hər həftənin 5-ci günü redaksiyaya gələrək həm əməkdaşlara həftəboyu gərgin əziyyətləri üçün təşəkkür edir, həm də mənim üçün saxladıqları bir dənə əlavə “Azərbaycan müəllimi” qəzetini alıram. Bəlkə də indiki gənclərə mənim qəzetə olan sevgim, marağım qəribə görünə bilər. Düzdür, əsrimiz texnika, internet əsridir. Artıq bütün məlumatlar daha əlçatandır. Amma bu informasiya bolluğunun içində mənim üçün qəzetin, ələlxüsus “Azərbaycan müəllimi”nin öz yeri, dəst-xətti var.
Ötən 90 il ərzində öz simasını dəyişməyən, təhsil ənənələrini qoruyub saxlayan, yeniliklərə hər zaman açıq olan sizin və mənim, bütövlükdə təhsil ictimaiyyətinin doğma qəzetinə - “Azərbaycan müəllimi”nə uzunömürlülük, kollektivinizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.
Samirə KƏRİMOVA
|
|
16.02.2024 | 09:21 | |
|
|
|