BMU-da nəqliyyat sistemi ilə bağlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans (24-25 may 2024-ci il) keçiriləcək.

 

Universitetdən bildirilib ki, ali təhsil müəssisələrində tədqiqat bacarıqlarını inkişaf etdirmək və elmə əhəmiyyətli töhfələr vermək məqsədi daşıyan konfransda nəqliyyatın aktual problemləri geniş müzakirə olunacaq.  

 

Konfransda nəqliyyat logistikası, nəqliyyat dəhlizlərinin işi, hərəkətin təşkili, nəqliyyatda təhlükəsizlik və risklərin idarə edilməsi, nəqliyyat vasitələrinin etibarlılığı, dünya və region üçün böyük əhəmiyyətə malik olan qlobal istiləşmə, nəqliyyat sektorunda karbon qazı emissiyasının azaldılması və alternativ enerjiyə keçid istiqamətlərində məruzələr dinləniləcək.

 

Yerli və müxtəlif ölkələrdə çalışan elm adamları, mühəndislər, ali məktəblərin professor-müəllim heyəti, doktorant, dissertant, magistrlər üçün nəzərdə tutulan konfransın işi “Azərbaycanda nəqliyyat sisteminin logistik təşkili”, “Nəqliyyat texnologiyaları və innovasiyalar”, “Nəqliyyatda investisiya və biznes planlaşdırma”, “Nəqliyyat dəhlizləri və təchizat zəncirinin idarə edilmə problemləri”, “Nəqliyyatın ekoloji problemləri və dayanıqlı nəqliyyat” seksiyaları üzrə təşkil olunacaq.

 

Konfransın əhatə etdiyi mövzular üzrə materialların (elektron versiyada) təqdim olunması 30 aprel 2024-cü il tarixində başa çatacaq. Təşkilat Komitəsi tərəfindən seçilən məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.

 

Konfrans barədə daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

https://bit.ly/42FqwDH

 

 



15.02.2024 | 16:05