Məktəblərdə yoluxucu xəstəliklərlə bağlı maarifləndirmə işi necə aparılır? | |
Qış mövsümü ilə bağlı son günlər əhali arasında qripə yoluxma ilə əlaqədar şikayətlər artıb. Üstəlik, mənşəyi bəlli olmayan viruslara yoluxma halları da var. Boğaz ağrısı, burun axması, qızdırma, halsızlıqla müşayiət olunan xəstəlik yaşlı adamlar arasında daha geniş yayılsa da, azyaşlılar və yeniyetmələr arasında da çox sıx müşahidə olunur. Ona görə də məktəblərdə uşaqların sağlamlığına diqqət etmək, qrip və respirator virus infeksiyalarının profilaktikası üçün maarifləndirmə işini daha da artırmaq vacibdir.
Bəs, məktəblərdə, yoluxucu, ümumiyyətlə təhlükəli xəstəliklərlə bağlı maarifləndirmə işi necə aparılır?
Təranə Qəribova, Bakıdakı 189-190 nömrəli tam orta məktəbin həkim – pediatrı:
- Hər il məktəblilər arasında təhlükəli yoluxucu və mövsümlə əlaqəli xəstəliklərin profilaktikası məqsədi ilə maarifləndirmə işləri aparılır. Məktəb həkimi təbliğat işində əsas rol oynayır. Mövzu ilə bağlı videoçarxlar hazırlanır, məktəb tədbirlərində şagirdlərə nümayiş etdirilir. Bundan başqa, məktəblilərə maarifləndirici çap materialları paylanılır.
Yuxarı sinif şagirdləri arasında, əsasən QİÇS və bu kimi digər təhlükəli yoluxucu xəstəliklərlə bağlı maarifləndirmə işi xüsusi diqqətdə saxlanılır. Belə xəstəliklərin yaranma səbəbləri, əlamətləri, profilaktikası və müalicə yolları barədə ətraflı məlumat verilir. Həmçinin xəstəliyin yayılma yolları və ondan qorunma üsulları da izah edilir. Eyni zamanda təhlükəli yoluxucu xəstəliklərdən hesab olunan vərəm barədə də maarifləndirmə işi müntəzəm diqqət mərkəzində saxlanılır. Əgər vaxtında aşkar olunub, müalicəyə cəlb olunarsa, sağalan xəstəlik olduğu haqqında məlumat verilir. Xəstəliyə biganə yanaşılarsa, müalicə olunmayan vərəmin daha ağır formalarına gətirib çıxara biləcəyi bildirilir.
Daha sonra məktəblilər və valideynlər arasında mövsümü xəstəliklərdən qrip, suçiçəyi, qızılca kimi xəstəliklər, onların əlamətləri, profilkatikası barədə ciddi söhbətlər aparılır. Aşağı sinif şagirdlərinə xəstəliklərdən qorunmaq üçün gigiyena qaydalarına əməl etmək tövsiyəsi verilir. Hal-hazırda Azərbaycanda qızılca infeksiyası ilə bağlı epidemioloji vəziyyət yaranıb. Bununla əlaqədar məktəbimizdə tədbir keçirildi və 15 nömrəli usaq poliklinikasının şöbə müdiri, həkim-pediatr Şükufə Əlikişibəyova məktəbimizə dəvət olundu. Tədbirdə məktəblilərlə yanaşı, valideynlər də iştirak etdilər. Xəstəlik haqqında, əlamətləri, yoluxma yolları barədə geniş məlumat verildi. Bu xəstəlikdən qorunmaq üçün peyvəndin vacibliyindən söhbət açıldı. Tədbirin sonunda məktəbliləri və valideynləri maraqlandıran suallar cavablandırıldı.
Xanlar İmaməliyev, Bakıdakı 236 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim:
- Son vaxtlar məktəblərdə şagirdlər arasında qripə, suçiçəyinə, qızılcaya yoluxma hallarına rast gəlirik. Bu xəstəliklərin qarşısının alınması ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçiririk. Məktəbin hər iki korpusunda tibb bacıları tərəfindən I və II növbədə giriş qapılarında uşaqların qızdırmaları yoxlanılır. Şagirdlər arasında sorğu keçirilir. Məktəbin psixoloqları, tibb bacıları tərəfindən ayrı-ayrı siniflərdə müntəzəm olaraq maarifləndirmə işləri aparılır. Valideyn iclaslarında valideynlərə uşaqların qidalarına diqqət yetirmək və soyuqdan qorumaq tövsiyəsi edilir. Bundan başqa, hər həftənin sonunda məktəbdə rayon epidemiologiya idarəsi və məktəb tərəfindən dezinfeksiya işləri aparılır.
Sinif otaqlarının vaxtaşırı havası dəyişdirilir. Qəsəbədə yerləşən 34 nömrəli poliklinikanın həkimləri tərəfindən də vaxtaşırı məktəbdə valideyn və şagirdlər qarşısında mühazirələr oxunur. Bütün sinif rəhbərləri valideynlərlə daim əlaqə saxlayır, qızdırması olan şagirdlərin məktəbə göndərilməməsi bildirilir.
Yaşar Seyidəliyev, Bakıdakı 8 nömrəli tam orta məktəbin müəllimi, valideyn
- Məktəblər uşaqların kütləvi halda bir araya gəldiyi məkanlardan biri olduğu üçün burada yoluxucu xəstəliklərlə mübarizənin təşkili və marifləndirmə işlərinin aparılması çox vacibdir. İşlədiyim məktəbdə bu işlərin təşkilində məktəbin pedaqoji kollektivi mühüm rol oynayır. Mütəmadi maarifləndirici seminarlar keçirilir.
Məktəbin akt zalında məktəbin tibb personalı ilə rayon poliklinikasının nümayəndələri görüşlər keçirir və şagirdlərlə marifləndirici söhbət aparırlar. Dəhlizlərdə informativ lövhələr asılır. Hər hansı bir sinifdə yoluxma aşkar edilərsə, tez bir zamnda sinif dezinfeksiya edilir. Məktəbdə tibbi maskadan istifadənin tövsiyə edilməsi və yenilənməsi ilə əlaqədar sinif rəhbərləri daim söhbətlər aparırlar.
Şakir CƏFƏROV
|
|
14.02.2024 | 14:01 | |
|
|
|