“2022-2026-cı illər Dövlət Proqramı”

Son illərdə ölkəmizdə gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər  Dövlət Proqramı” ( “2022-2026 –cı illər Dövlət Proqramı”) təsdiq  olunub.

 

Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.


Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub.  
   

Ümumilikdə “2022-2026-cı illər Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.

 

13 noyabr 2023-cü il tarixində 2024/2025-ci tədris ili üzrə “2022-2026-cı illər  Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub. 

 

Qeyd edək ki, proqram iştirakçılarının seçimi barədə elan namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə, semestrin başlanmasına azı 6 (altı) ay qalmış Elm və Təhsil Nazirliyinin, Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet saytında və sosial media hesablarında verilir.

 

Məlumat üçün bildirək ki, “2022-2026-cı illər  Dövlət Proqramı”na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcək.
 

“2022-2026-cı illər Dövlət Proqramı”na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərə dair məlumatı https://dp.edu.az/uploads/fileuploads/2023/11/43cb30f6449f413fa2abba1781c579e8.pdf səhifəsindən əldə etmək olar.
 

Əlavə edək ki,  Dövlət Proqramı iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu,  proqramın ümumi idarəçiliyi isə Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən həyata keçirilir. Proqram iştirakçılarının aşağıdakı xərcləri Dövlət Proqramı tərəfindən maliyyələşdirilir:

 

  • - Təhsil xərcləri;
  • - Viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
  • - Aylıq yaşayış xərcləri;
  • -Tibbi sığorta xərcləri;
  • - Beynəlxalq nəqliyyat xərcləri;
  • - Bank və plastik kart xərcləri.

 

Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək.

 

Oruc MUSTAFAYEV

 



13.02.2024 | 09:00