Hər şagirdin imkanları və təhsil ehtiyacları nəzərə alınmaqla fərdi planı hazırlanacaq | |
Ötən həftə Nazirlər Kabineti “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nı təsdiq edib. Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu sənədi “Azərbaycan müəllimi” qəzetinə şərh edib.
V.Yaqublu bildirib ki, sənəd “Ümumi təhsil haqqında” Qanunun 4.0.6-cı maddəsinə əsasən hazırlanıb.Standartda xüsusi təhsilin məzmunu, idarəolunması, maddi-texniki və tədris bazası, infrastrukturu, təhsilverənlərə qoyulan keyfiyyət tələbləri, təhsilin təşkili və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məsələləri müəyyən edilir.
Dövlət standartında xüsusi təhsilin məzmununa dair ümumi tələblər müəyyənləşdirilməklə aşağıdakı məsələlərə xüsusi diqqət yetirilib:
Şöbə müdiri sənədə daxil edilmiş yeni anlayışlara da diqqət çəkib: “Sənədə daxil edilmiş yeni anlayışlardan biri fərdi tədris planıdır ki, bu plan hər tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmədən sonra, adından da göründüyü kimi, hər bir təhsilalan üçün individual hazırlanır. Fərdi tədris planının hazırlanması bir komanda işidir. Burada məktəbin direktor müavini, sinif rəhbəri, fənn müəllimləri, məktəbin psixoloqu, tərbiyəçi (əgər varsa) və şagirdin valideyni birgə müzakirənin nəticəsi kimi şagirdin imkanları və təhsil ehtiyacları nəzərə alınmaqla, illik plan hazırlayır. Planda şagirdin illik hədəfləri, hədəflərə çatmaq yolları və nəticələrinin qiymətləndirilməsi üsul və vasitələri qeyd edilir. Yarımillik formativ qiymətləndirmənin nəticələrinə əsasən, fərdi tədris planına düzəliş və əlavələr edilə bilər. Sağlamlıq məhdudiyyətlərinin çoxşaxəliliyini nəzərə alsaq, standartlaşdırmada çətinliklər labüddür. Fərdi tədris planı bu müxtəlifliyi əhatə etməyə imkan yaradır.
Beş ildən bir yenilənməsi nəzərdə tutulan sənəddə müxtəlif sağlamlıq məhdudiyyətləri olan təhsilalanların müəssisələrə qəbul olunma proseduru, cəlb olunduğu müəssisələrdə təhsil müddəti və verilən təhsil sənədləri müəyyən edilib. Xüsusi təhsil müəssisələrində həftəlik dərs saatlarının, o cümlədən korreksiyaedici fərdi və qrup məşğələlərinin sayı da dövlət standartı ilə tənzimlənir.
Ruhiyyə DAŞSALAHLI
|
|
12.02.2024 | 17:20 | |
|
|
|