Polşada Cümhuriyyətin 100 illiyinə həsr olunmuş forum keçirilib

Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Polşadakı Azərbaycanlılar Birliyinin üzvləri, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və polyak gənclər əvvəlcə Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri - general leytenant Süleyman bəy Sulkeviçin və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Azərbaycan-Polşa münasibətlərinin rəmzinə çevrilən bu abidə önündə çıxış edən gənclər Polşa cəmiyyətinə sülh və dostluq mesaj lari verib, iki ölkə gənclərinin bundan sonra da birgə fəaliyyətinin vacibliyini qeyd ediblər.

 

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Polşa münasibətləri, tarixi, mədəni və strateji tərəfdaşlıq əlaqələrində iki ölkə gənclərinin rolu” mövzusunda forum işini davam etdirib. Polşadakı Azərbaycanlılar Birliyi tərəfindən təşkil olunan forumda Polşa və Azərbaycanın dövlət himnləri səsləndirilib.

 

Forumu giriş sözü ilə açan Polşadakı Azərbaycanlılar Birliyinin sədri Cavid Zeynalov iki ölkə gənclərinin qarşılıqlı münasibətlərindən və diasporumuzun daha da güclənməsi istiqamətində həyata keçirilən işlərdən danışıb.

 

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ingilis dillində qısa film nümayiş etdirilib.

 

Forum öz işini müxtəlif panellərdə davam etdirib. Panellərin əsas mövzusu “Azərbaycan Xalq Cümhuriyyəti 100 yaşında”, “Xaricdə təhsil və diaspora fəaliyyəti”, “Polşa cəmiyyətinə inteqrasiyanın əsas məqsəd və prinsipləri”, “Qarabağ münaqişəsində Azərbaycanın haqq səsinin səmərəli təbliği” və “Polşada təhsil: qayğılar və perspektivlər” məsələləri ilə bağlı olub.

 

Forumda Polşa-Azərbaycan Evinin rəhbəri Sabrina Kovalçik, Azərbaycanın Varşavadakı səfirliyinin əməkdaşları və Ukrayna, Rumıniya, Latviya və Litvadan gəlmiş qonaqlar iştirak ediblər.

 

Sonda Polşada yaşayan və təhsil alan azərbaycanlı gəncləri maraqlandıran suallar cavablandırılıb və yaxın gələcək üçün fəaliyyət perspektivləri müzakirə olunub.



26.10.2018 | 18:11