“Məktəblinin DOSTU”

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi 2016-cı ildən fəaliyyətə başlayıb və elə həmin ildən ən uğurlu layihələrdən birinə çevrilib. Əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarət olan layihə 30 məktəbdə pilot olaraq tətbiq olunub. Əməkdaşları məktəblilərin qəhrəmanlarına, valideynlərin güvən yerinə, məktəbin isə görən gözünə, eşidən qulağına çevrilib. Bu il də onlar eyni temp, dəyişməyən fədakarlıq, daha çevik münasibət nümayiş etdirərək qazandığı nüfuzu artırmaqdadır. Artıq məktəblinin dostlarına olan maraq ayrı-ayrı hadisələrin fonunda tələbə çevrilir.

 

Bu səbəbdəndir ki, məktəblərə uşaq gətirən valideynlərin gözü məhz boz geyimli, gülərüz, çevik gənc dostlarını axtarır, onları məktəbdə görəndə güvən hissi daha da çoxalır.

 

Məlumat üçün bildirək ki, Azərbaycan təhsil sistemində gerçəkləşdirilən “Məktəblinin dostu” layihəsi dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana özünü ahəngdar gerçəkləşdirmə imkanları yaratmaqdır.“Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

 

“Məktəblinin dostu” layihəsi çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunur, “Mühafizə və təhlükəsizlik qaydaları”, “Uğurlu peşə seçimi”, “Məktəblinin sağlam qidası”, “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Zərərli vərdişlərə son”, “Tütündən istifadənin zərərləri”, “İlk yardım və ilkin psixoloji yardım”, “Narkomaniya ilə mübarizə”, “İnsan hüquqları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, “Məqsədli karyera” və digər mövzularda təlimlər keçirilir.

 

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimovanın “Azərbaycan müəllimi” qəzetinə verdiyi məlumata əsasən, adıçəkilən layihə əhatə dairəsini genişləndirməkdə davam edir və bu  tədris ilindən Gəncə, Lənkəran, Masallı və Cəlilabad şəhərlərində ümumilikdə 12 məktəbdə də tətbiq olunmağa başlanılıb. Beləliklə, “Məktəblinin dostu” layihəsi Bakı, Sumqayıt, Abşeron da daxil olmaqla hazırda ölkə üzrə ümumilikdə 238 məktəbi əhatə edir.

 

Layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23, Gəncədə 6, Lənkəranda 2, Masallıda 2, Cəlilabadda 2 təhsil müəssisəsi olmaqla, ümumilikdə 238 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. 420 minə yaxın şagirdi əhatə edən “Məktəblinin dostu” layihəsi üzrə hazırda 300 əməkdaş-məktəblinin dostu çalışır.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



09.02.2024 | 15:11