“Qarabağ SİZSİZ...”

44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz bugünkü gəncliyimiz və gələcək nəsillər üçün bir örnəkdir. Hər birinin döyüş yolu bir əfsanə, dastan, bir tarixdir. İkinci Qarabağ müharibəsində  düşmənə qan udduran, onun keçilməz zəmin dediyi istehkamları darmadağın edən Müzəffər Ordumuzun qələbəsini reallaşdıran əsas faktor vətənpərvərlik, yurd, vətən sevgisi idi. Qarabağımızın hər qarışı uğrunda gedən döyüşlərdə cəsur, igid oğullarımız Böyük Zəfəri, Böyük Qələbəni xalqımıza bəxş etdilər.

 

44 günlük Vətən müharibəsindən  artıq 4 il keçir. Bu müharibədə canından keçən şəhidlərimizin xatirəsi hər zaman ehtiramla anılır.  Elm və Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərin IX siniflərində “Zəfər tarixi”  fənni tədris olunmaqdadır. Fənnin əhatə etdiyi mövzular Qarabağ münaqişəsinin tarixindən başlayaraq, o cümlədən ermənilərin torpaqlarımıza olan iddiaları, məkrli planları, işğalçıları torpaqlarımızdan qovan əsgərlərimiz, zabitlərimiz, canını qurban vermiş şəhidlərimiz barəsindədir.

 

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX  sinif şagirdləri şəhidlərimizin xatirəsini əziz tutaraq bir ilkə imza atıblar. Belə ki, məktəbin tarix müəllimi Günay Şərifzadənin təşəbbüsü və rəhbərliyi altında şagirdlər tədris ili ərzində şəhidlər haqqında ətraflı məlumat toplayaraq onları  yaxından tanımaqla yanaşı, həm də  digər  həmyaşıdlarına tanıdırlar. Aprel, Günnüt və Tovuz döyüşlərinin, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin həyatını, döyüş yolunu öyrənməyi şagirdlər özlərinə borc bilirlər. Onlar il ərzində topladıqları  məlumatlar əsasında  3 cildlik “Qarabağ  SİZSİZ...” kitabını ərsəyə gətiriblər. Kitabda bütün şəhidlər haqqında məlumat öz əksini tapıb.

 

Bəli, əsl Azərbaycan gəncliyini gələcəkdə məhz belə vətənpərvər şagirdlər təmsil edəcəklər. Çox qürurvericidir ki, istər döyüş meydanında, istərsə də intellektual sferada belə gənclərimiz var olduqca Azərbaycan hər zaman zirvələrə ucalacaq.

 

Müstəqilliyimizin qazanılması, torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşərək şəhid olmuş oğul və qızlarımızın xatirəsini hörmətlə anır, onlarla qürur duyuruq!

 

İdrak RƏHİMOĞLU 



09.02.2024 | 13:24