Qızlar üçün daha bir imkan | |
Təhsilin İnkişafı Fondu qızlar üçün yeni memoranduma imza atıb. STP Şirkətlər Qrupu ilə imzalanan sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və sözügedən şirkətin Baş İcraçı Direktoru Hicran Valehov imzalayıblar.
Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.
“Sabahın Gücü” gənc mühəndislərə yönəlib
Məlumat üçün qeyd edək ki, “Sabahın Gücü” İnkişaf Proqramını ölkədə ilk dəfə olaraq STP Şirkətlər Qrupu həyata keçirir. Proqram mühəndislik üzrə ixtisaslaşan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını yüksəltməyə xidmət edir. Əsas hədəfləri ölkəmizdə aparılan kadr potensialının yüksəldilməsinə töhfə verməklə yanaşı, müasir çağırışlara uyğun olaraq sənaye sahəsində fəaliyyət göstərəcək uğurlu gənc kadrların yetişdirilməsi və ölkə gənclərinin inkişafına dəstək verməkdir.
İlk məzunlar
Universitet məzunlarını və magistrlərini əhatə edən proqramın ilk buraxılışı 43 nəfər olub. STP şirkətlər qrupu “Sabahın Gücü” İnkişaf Proqramının koordinatoru Günel Musayeva “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, layihəyə minlərlə müraciətçinin arasından 50 nəfər seçilib: “50 nəfərlə başladıq. Amma 43 nəfərlə davam etdik. Xaricdə təhsilini davam etdirmək səbəbindən bizdən daha tez ayrılanlar oldu”.
Ötən həftə proqram məzunlarına sertifikatları təqdim edilib: “Sertifikat proqramda 3 aydan yuxarı iştirak edənlərə verilir. 6 aylıq proqrama tam qatılmayanların göstəricilərində bu, özünü göstərir. Balların müəyyən hissəsi kəsilir. Sertifikatların üzərində təcrübəçilərin ümumi qiymətləndirməsinin nəticəsini göstərən ballar əks olunub”.
G.Musayeva əlavə edib ki, layihə hər baxımdan çox faydalıdır: “Tələbələr universiteti, hətta magistraturanı bitirir, amma məlum olur ki, iş tapmaq üçün hər hansı təcrübəyə sahib deyillər. Bizim 6 aylıq təcrübə proqramı nəinki bu imkanı yaradır, həm də gəncləri inkişafa meyilli peşəkarlar kimi yerişdiririk”.
Artıq yeni seçimlər də başlayıb. G.Musayeva seçim şərtlərindən də danışıb: “İştirak etmək istəyənlər CV göndərir, bir neçə mərhələdən ibarət müsabiqəyə qatılır, müsahibələrdən keçir və uğurlu, həvəsli namizədlər seçilib proqrama qəbul olunurlar”.
“Sabahın Gücü” olan qızlar
43 məzun arasından cəmi 8 nəfəri qızdır. Onlar bu layihənin nəinki mühəndis olmaq istəyən qızlar üçün, bu ixtisas sahəsində ixtisaslaşmaq arzusunda olan istənilən gənc üçün faydalı olacağını düşünürlər.
Qızlardan biri Aytac Dünyamalısoy Bakı Ali Neft Məktəbinin tələbəsidir. “Kimya mühəndisliyi” ixtisası üzrə sonuncu kursda oxuyur: “STP-nin kabel zavodunda 2 ay - dərslərimiz başlayana qədər təcrübədə olmaq imkanı qazandım. Həmin müddətdə mentorumuz Namik Toktəmirdən avadanlıqların işləmə mexanizmini, davamlılığını, hətta ömrünü uzatmağı təmin etməyin yollarını öyrəndim. Sonra öyrəndiklərimi avadanlıqlar üzərində də tətbiq edərək əldə etdiyim biliyi möhkəmləndirdim. Bu müddət ərzində, sadəcə texniki biliyimizi deyil, yumşaq bacarıqlarımızı inkişaf etdirməyə yönələn kurs və təlimlərə qatıldım. Əminəm ki, burada qazandığım təcrübə daha yaxşı və tez iş tapmağıma kömək edəcək. Hətta məhz STP-də işləyəcəyimə ümid edirəm”.
“Sabahın Gücü” layihəsinin məzunu Bakı Ali Neft Məktəbinin tələbəsi Günel Rəhimli “Kimya mühəndisliyi” ixtisası üzrə V kurs tələbəsidir: “6 aydan çox davam edən bu layihədə axıra qədər iştirak etdim və bu şansı qazandığım üçün çox məmnunam. Həm texniki biliklərimi, həm də sosial bacarıqlarımı artırmaq imkanım oldu. Karyeramı qurmaqda mənə çox böyük köməyi olacaq müxtəlif təlimlərə qatıldım. Vəzifəli, karyera pilləsində özünə müəyyən yer tutmuş insanlarla görüşmək imkanı qazandım. Mənim əldə etdiyim bu şansı daha çox qızın qazanacağını bilmək sevindiricidir”.
Lalə Ağayeva isə Bakı Mühəndislik Universitetinin məzunudur. Tədrisi ingilis dilində aparılan qrupda “Kimya mühəndisliyi” ixtisasına yiyələnib. 2023-cü ilin sentyabrında “Sabahın Gücü” layihəsində təcrübə proqramını qazanıb: “İxtisasıma uyğun olaraq həm istehsalatda, həm laboratoriya şəraitində işləyə bilərəm. Bu layihədə daha çox laboratoriya şəraitində təcrübə qazandım. Paralel olaraq, istehsalatda çalışan mühəndislərlə tanış oldum. Bilik və təcrübələrini paylaşmaqla yanaşı, onlarla əlaqə qurdum. Bu əlaqələrin gələcəkdə mütləq faydasını hiss edəcəyimə əminəm. Bundan əvvəl də bir sıra təcrübə proqramında iştirak etmişəm. Amma bu proqram xüsusilə effektiv oldu. Həm təcrübə keçdik, həm də özünüinkişaf kurslarına qatıldıq. Məncə, ideal idi”.
“Sabahın Gücü” artacaq
STP şirkətlər qrupunun baş insan resursları inzibatçısı, “Sabahın Gücü” İnkişaf Proqramının rəhbəri Şölə Əliyeva təmsil etdiyi müəssisənin prioritetləri arasında gənclərin inkişafının xüsusi yer tutduğunu deyib: “Son 3 ildə 250 nəfərə yaxın gənci peşəkar sənaye mühəndisi kimi yetişdirmişik. “Sabahın Gücü” İnkişaf Proqramı ilə daha çox gənci prosesə cəlb etmək, ölkə gəncləri arasında sənaye mühəndisliyinə marağı artırmağa hədəflənmişik”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov STP Şirkətlər Qrupu və TİF arasında dövlət-özəl tərəfdaşlıq nümunəsi olan bu əməkdaşlığa böyük ümidlərlə baxır: “Bu əməkdaşlıq çərçivəsində qızların təhsilinə dəstək, eləcə də təhsilin inkişafına yönəlmiş digər təşəbbüslərin dəstəklənməsi istiqamətində birgə işlər görüləcəyini düşünürəm. Dünya dəyişir, iqtisadiyyat dəyişir, gənclər də dəyişir. Önümüzdə yeni çağırışlar durur. Məsələn, təhsilin iqtisadiyyata inteqrasiyasını, bunun üçün də universitetlərin biri-biri ilə əməkdaşlığını dəstəkləməliyik. STP Təhsilin İnkişafı Fondunun tərəfdaşı olan 7 şirkətdən biridir. Bərabər həyata keçirəcəyimiz bir sıra maraqlı layihələrimiz var. O cümlədən, gənc mühəndis qızların inkişafına yönələcək maraqlı və faydalı layihənin razılığını əldə etdik. Bu, qızların təqaüd alması, təcrübə keçməsi, iş yerlərində öz ixtisaslarına uyğun müxtəlif təlimlərdə iştirak etməsi, gələcəkdə əmək bazarındakı uyğun işlə təmin olunmalarını asanlaşdıracaq”.
E.Nəsibovun sözlərinə görə, 2023-cü ildə başlayan layihələr 2024-cü ildə də davam etdiriləcək: “Artıq razılıq əldə olunmuş bəzi layihələr də var. Məsələn, Bakcelllə əldə etdiyimiz razılığa görə, təhsil işçiləri üçün üstün şərtlər təklif edən təhsil tarifi olacaq. Bu yaxınlarda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
E.Nəsibov regionlardan olan qızların təhsilinin dəstəklənməsi üçün də müzakirələr aparıldığını deyib.
Ruhiyyə DAŞSALAHLI
|
|
09.02.2024 | 10:59 | |
|
|
|