“ŞUŞA - BÖYÜK ZƏFƏRİN ZİRVƏSİ” | |
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı BŞTİ və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində təhsil işçilərinin “Şuşa - böyük zəfərin zirvəsi” adlı layihəsinə start verilib. Layihə çərçivəsində təhsil işçilərinin Şuşanın tarixinə, mədəni həyatına dair araşdırma məqalələrinin qəzetdə dərc olunması nəzərdə tutulub.
Zəfər tariximizi tədris edərkən qürur hissləri yaşayıram
Əziz Şuşa, Sən azadsan! Şanlı qələbəmizin simvolusan! Anaların göz yaşının məlhəmisən! Əsir yurdlarımızın xilasısan! Biz bu günü çox gözlədik, çox xəyal etdik, 30 ilə yaxın Səni düşmən tapdağından azad edib, Sənə qovuşmağın həsrəti ilə alışdıq, yandıq. Nəhayət, o gün gəldi, nəhayət, AZƏRBAYCAN öz sözünü dedi, öz haqq səsini dünyaya bəyan elədi. Cahana səs salan zəfərimizin, qürurumuzun, mənəvi dünyamızın simvolu oldun - Şuşa! Yuxusuz gecələrimizin nuru oldun! Tökülən qanların təsəllisi oldun. Uzun illər yurd həsrəti çəkib, vətənini, doğulub boya-başa çatdığı torpaqları yalnız yuxularında görən mənim kimi neçə-neçə ürəyə qayıdışınla su səpdin. Paramparça olan vətənimizə, şanlı ordumuza, qanlarıyla qələbəni bizə bəxş edən şəhidlərimizə, qazilərimizə, dəmir yumruğa çevrilən xalqımıza bu ZƏFƏR çox yaraşdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-də Zəfər Yürüşünə başladı. Hərb tarixində tayı-bərabəri olmayan, unikal əməliyyatların nəticəsində 44 gün ərzində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, o cümlədən, Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Noyabr ayının 8-ində 28 illik həsrətdən sonra xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan, Qarabağ üzüyünün zümrüdü, yaqutu olan Şuşa şəhəri düşmən tapdağından azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad olunması çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyatdır. Hansı ki, bu əməliyyat dünya hərb tarixində artıq öz xüsusi yerini tutmuş, hətta dünya hərb akademiyalarının dərsliklərində belə öz əksini tapmışdır.
Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. Ulu Öndər Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - demişdi. Cənab Prezidentimiz Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ATA vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Nəticə etibarilə, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanı məğlubiyyəti ilə barışdırdı və kapitulyasiya ilə nəticələndi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirilərək hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd edilir.
İşğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ali Baş Komandan, Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq obrazını ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə birlikdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin uzun illər ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 3 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci ildə imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamdan irəli gələn vəzifələr uğurla icra olunur. Bu gün mühüm hədəflərdən biri işğaldan azad edilmiş torpaqlarımızda, xüsusilə də Şuşada bərpa - quruculuq işlərinin sistemli şəkildə reallaşması və yüksəliş dövrü başlayıb. Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəllərinin, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin də təmir-bərpa və yenidənqurma işləri aparılıb, həmçinin şəhərin ümumi bərpasına və yenidən dirçəldilməsinə nail olunub. Şuşada “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi isə bilavasitə türk dünyasının mədəniyyət mərkəzinin Şuşa olmasını bir daha sübut etdi. Ali Baş Komandan 2021-ci il mayın 12-də uzun fasilələrdən sonra Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından dünyaya mesajlar verərək qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” Musiqi Festivalı Şuşada hər il keçiriləcək: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.
Bu yaxınlarda “Yolumuz Qarabağa” layihəsi çərçivəsində mən də gözəl Şuşaya qədəm qoydum, Cıdır düzündə gəzdim. Şanlı ordumuzun dünyanı heyrətləndirən döyüş meydanında addımladıqca qəlbim fərəhlə çırpındı və 44 günlük Vətən müharibəsi pərdə-pərdə gözümün önündə canlandı. Bu sıldırım qayaları aşıb düşməni əlbəyaxa döyüşlərdə əzən igid əsgərlərimizin şücaətini bir daha təsəvvür etdim. Bəli, Şuşada olduğum andan etibarən mən bir daha BÖYÜK QƏLƏBƏnin sehrinə düşdüm. Artıq düşmən yoxdur. QOVDUQ ONLARI TORPAĞIMIZDAN! Artıq hər yerdə quruculuq işləri gedir. Mənfur düşmənin məmləkətimizə vurduğu yaralar sağalır. Artıq Azərbaycan Qarabağına qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Allah bu yolda öz qanından, canından keçərək bizlərə bu sevinci yaşamağı nəsib edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı, uzun ömür nəsib etsin. Bu gün biz məhz onların sayəsində bu şanlı qələbədən qürurla bəhs edir, şagirdlərimizə torpaqlarımızın işğal tarixlərini deyil, işğaldan azad olunma tarixlərini öyrədirik.
Bir tarix müəllimi olaraq bu mövzuları tədris edərkən çox qürur hissi yaşayıram. Çirkin xislətli düşməndən təmizlənən torpaqlarımızın gündən-günə gözəlləşdiyinin şahidi oluram. Dünyaya səs salan bir zəfərin şahidiyəm. Zəfərin memarı Ali Baş Komandanımız, Güclü Ordumuz hər damla qanlarıyla Böyük Zəfərə imza atan Şəhidlərimiz, qazilərimizdir! Bu Böyük Zəfərin Zirvəsi isə ŞUŞAdır!
Mənsurə TAĞIYEVA, Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin tarix müəllimi
|
|
09.02.2024 | 10:16 | |
|
|
|