“Tarix yazan qəhrəman” | |
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu- İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Tarix yazan qəhrəman” adlı tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yüksəldiyi zirvə təkcə onun doğulub, boya-başa çatdığı kənddən deyil, Azərbaycanın və eləcə də bütün Türk dünyasının hər yerindən görünür. Bu zirvəyə gedən yol isə Biləsuvar rayonunun Əliabad kəndindən başlanır. Mübariz 1988-ci il fevralın 7-də bu kənddə dünyaya göz açmışdı. Elə həmin il erməni işğalçıları vətənimizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsində torpaq iddiası ilə münaqişə yaratmağa başlamışdı...
Ailənin üçüncü övladı - sonbeşiyi, seyid nəvəsi idi Mübariz. O, uşaqlıqdan imanlı, bütün insani keyfiyyətlərə malik valideynləri - atası Ağakərim kişinin, Şamama ananın nümunəvi tərbiyəsi ilə böyümüşdü. Vətənə, xalqa, haqqa, ədalətə son dərəcə sadiq ruhda tərbiyə alan Mübariz 2006-cı ildə Biləsuvar rayonunun Malik Piriyev adına Əliabad kənd orta məktəbini bitirmişdi.
2007-ci ildə isə ilk hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində gizir rütbəsi ilə başa çatdırmışdı. Sonra isə erməni işğalçılarından intiqam almaq üçün könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə yazıldı; vətənin müdafiəsinə qalxdı və torpaqlarımız uğrunda qəhrəmancasına həlak oldu...
Kompleksin İcraçı direktoru Aqşin Bağırov çıxışında misilsiz qəhrəmanlığı ilə Türk dünyasında tanınan və sevilən, 22 yaşında ürəklərdə heykəlini ucaldan qəhrəmanımıza ən böyük adın Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən verildiyini, onun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü xüsusilə vurğulayıb. Mübariz İbrahimovun adının əbədiləşdirildiyini, Biləsuvarda fəaliyyət göstərən müasir təhsil kompleksinə qəhrəmanın adının verildiyini deyib: “ Bu gün bizim üçün, pedaqoji kollektivimiz üçün şərəf və qürurdur ki, qəhrəman Vətən övladının adını daşıyan təhsil ocağında fəaliyyət göstərir və cəmiyyətimiz üçün gənc Mübarizlər yetişdiririk”.
Sonra orta məktəbdə Mübarizə dərs deyən, hazırda isə onun adını daşıyan təhsil ocağında çalışan müəllimlərdən Siyasət İsayev və İlqar İsayev xatirələrini bölüşüblər: “ Mübariz İbrahimov sözün əsl mənasında idmançı idi. Hələ o, orta məktəbdə oxuyanda idman dərsləri ilə kifayətlənməyib rayona gedər, idmanın boks növü ilə məşğul olardı. Mütəmadi və gərgin məşqlər öz müsbət nəticəsini verdi. Mübariz gündən-günə mətinləşdi. Həmyaşıdları arasında bacarıqlı və ümidverici bir boksçu kimi Ukraynada keçiriləcək yarışlarda iştirak etmək üçün yola düşmə ərəfəsində əli zədələndiyindən həmin yarışlara qatıla bilmədi. Həqiqətən də idmanla müntəzəm məşğul olması Mübarizi fiziki cəhətdən sağlam, ucaboylu, enlikürək, yenilməz bir cəsura çevirmişdi. Bütün bunlara baxmayaraq, Mübariz gələcək həyatı üçün idmanı yox, hərbçi peşəsini seçdi. Seçdiyi bu peşədə də öz qəhrəmanlığını göstərdi.”
Şakir CƏFƏROV
|
|
07.02.2024 | 10:10 | |
|
|
|