NDU ilə Cahan Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Naxçıvan Sahibkarlar Konfederasiyası və Cahan Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu məqsədlə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dünya təcrübəsində bu cür işbirliyinin faydalı cəhətlərindən danışıb. Diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin reytinq sıralamasında, nüfuzlu universitetlər sırasında yer almasında belə əməkdaşlıqların xüsusi əhəmiyyəti vardır.

 

E.İsayev şirkətlə uzun illərdir aparılan əməkdaşlıq əlaqələrindən də bəhs edib. Vurğulayıb ki, işgüzar münasibətlər rəsmiləşdirilməli, müvafiq qanunlar çərçivəsində həyata keçirilməlidir.

 

Cahan Holdinqin təsisçisi, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov qeyd edib ki, dövlət orqanları, qeyri-hökumət təşkilatları, müvafiq idarə, müəssisələr universitetlərə dəstək olmalıdır. V.Abbasov birgə fəaliyyət planının hazırlanması barədə təkliflərini diqqətə çatdırıb.

 

Sonra əməkdaşlıq müqaviləsi imzalanıb.

       

Müqavilədə universitetin tədqiqat mərkəzləri və inkubasiya proqramları vasitəsilə sənaye sahələrində mövcud imkanlardan yararlanaraq startap və spin-off layihələr hazırlanmasını təşviq etməklə ortaq tədqiqatların aparılmasını dəstəkləmək, müvafiq ixtisasların maddi- texniki bazasının təkmilləşdirilməsinə yönəlmiş fəaliyyətlər icra etmək və tələbələrin motivasiyası, təhsildə nailiyyətlərinin dəstəklənməsi üçün stimullaşdırıcı tədbirlər görmək və s. məsələlər öz əksini tapıb.

        

 



06.02.2024 | 17:45