BMU tələbələri “Sabahın gücü” İnkişaf Proqramının məzunu olublar

Bakı Mühəndislik Universitetinin (BMU) 5 tələbəsi (Lalə Ağayeva - Kimya mühəndisliyi ixtisası, Şahsuvar Əsadzadə - Mexanika mühəndisliyi ixtisası, Emil Əlizadə - Elektrik mühəndisliyi ixtisası, Tacir Həşimov - Kimya mühəndisliyi ixtisası, Orxan Abdinli - Kimya mühəndisliyi ixtisası) Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC tərəfindən həyata keçirilən “Sabahın gücü” İnkişaf Proqramını uğurla başa  vurub. Onlardan Orxan Abdinli və Lalə Ağayeva proqram vaxtı beynəlxalq ECİTB sertifikatını da əldə ediblər.

 

Bununla bağlı təşkil olunan “Məzun günü”ndə STP Şirkətlər Qrupunun rəhbərliyi, BMU-nun rektoru Yaqub Piriyev və və bir sıra ali təhsil müəssisələrinin rektorları çıxış edərək məzunlara təbriklərini çatdırıb, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar.

 

STP Şirkətlər Qrupunun rəhbərliyi öz növbəsində proqram çərçivəsində dəstək göstərən ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim edib.

 

Ölkədə ilk dəfə 2023-cü ildən etibarən həyata keçirilən proqram mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını yüksəltmək məqsədi daşıyır. Ölkənin kadr potensialının gücləndirilməsinə və müasir çağırışlara uyğun gənc mütəxəssislərin hazırlığına istiqamətlənən “Sabahın gücü” gənclərin inkişafına dəstək vermək səbəbi ilə reallaşdırılır.

 

Proqramı müvəffəqiyyətlə bitirmiş gənclər STP Şirkətlər Qrupunun fərqli şirkətləri ilə bərabər, ölkəmizdə sənaye sahəsində fəaliyyət göstərən digər böyük şirkətlərdə də iş imkanı qazanıblar.



06.02.2024 | 14:03