Gürcüstanda bakalavr təhsili 3 il ola bilər

Gürcüstan universitetlərində bakalavr pilləsi 3 illik ola bilər. Bu barədə Gürcüstan Universitetinin rektoru Koka Tofuria deyib. Rektor qeyd edib ki, yeni tədris ilindən bəzi ali məktəblərdə bakalavriatura üzrə  tədris 3 illik olacaq. İlk növbədə biznes idarəçiliyi, İT sahələri üzrə 4 illik  müddətin 3 ilə endirilməsi  nəzərdə tutulur. Bakalavr pilləsi ilə yanaşı, magistratura pilləsində də dəyişikliklər nəzərdə tutulub. Hesab olunur ki, təlim 2 ilə deyil, 1 ilə endirilməlidir.

    

"Təhsil müddəti əvvəlcə 5 il idi, sonra 4-ə endirildi, indi Avropanın bir çox yerində 3 ildir və biz də buna keçməli oluruq. Müasir dövrdə biliyə yanaşmalar dəyişir, 10, 20 və ya 50 il əvvəl lazım olan bilik növünə indi ehtiyac yoxdur. Artıq 3 il müddətində əldə edilə bilən bacarıqyönümlü bilik tələb olunur. Öyrənmə davamlı bir prosesdir, işləyərkən daim öyrənirsiniz, lakin peşənin əsas bacarıqlarına sahib olacağınız ilk addım 3 il ərzində mənimsənilə bilər. Aydındır ki, bunun üçün təlim proqramları dəyişdirilməli, yanaşmalar müasirləşməlidir. Mənim fikrimcə, sentyabr ayından, yəni növbəti tədris ilindən tələbələrə 3 illik proqramlar təklif etmək mümkün olacaq" - deyə Koka Tofuria bildirib.
   

Bu məsələ Təhsil və Elm Nazirliyinin nümayəndələri ilə bir sıra özəl və dövlət universitetlərinin rektorları arasında keçirilən görüşdə də müzakirə olunub.  Rektorlar Şurasının iclasında bakalavriat üzrə təhsil prosesinin 4 ildən 3 ilə endirilməsi məsələsinə baxılıb. Artıq universitetlər Təhsil və Elm Nazirliyinin qərarını gözləyirlər.
 

Qeyd edək ki, Gürcüstanın bir sıra özəl universitetlərində bəzi təhsil kursları dörd il deyil, üç il davam edir. Bakalavr dünya standartları səviyyəsində tam hüquqlu ali təhsildir. Əyani təhsil üçün standart müddət dörd ildir. Bakalavr peşə vəzifələrini yerinə yetirmək üçün kifayət qədər ümumi fundamental və xüsusi praktiki təlim alır.
  

Ötən tədris ilində Gürcüstanın ali təhsil müəssisələrində 160 mindən çox tələbə təhsil alıb ki, bu da əvvəlki tədris ilindən 0,9% çoxdur.
Gürcüstanda cəmi 62 ali təhsil müəssisəsi var ki, onlardan 19-u dövlət, 32-si isə özəldir. Universitetlərin əksəriyyəti Tbilisidə yerləşir.
  

Gürcüstan universitetlərinə qəbul Vahid Milli İmtahanlar əsasında mümkündür, abituriyentlər üç məcburi fənn və universitetin müəyyənləşdirdiyi bir fəndən imtahan verməlidirlər. Qəbul əldə olunan ballara əsasən aparılır. Dövlət  maliyyələşməsinin həcmi də qəbulun nəticələrindən asılıdır.
  

Gürcüstanda tələbələr dövlət tərəfindən tətbiq edilən müəyyən güzəştlərdən, o cümlədən nəqliyyat, sənədləşmə işləri, qoruqlara, muzeylərə getmək və s. istifadə edə bilərlər.

 

Oruc MUSTAFAYEV

 



06.02.2024 | 12:02