Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu arasında memorandum imzalanıb

Təhsilin İnkişafı Fondu (TİF) və STP Şirkətlər Qrupu arasında memorandum imzalanıb.

 

Fonddan bildirilib ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Hicran Valehov imzalayıblar.

 

Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

 

Memorandum STP Şirkətlər Qrupu tərəfindən həyata keçirilən “Sabahın Gücü” İnkişaf Proqramının məzun günü imzalanıb.

 

“Sabahın Gücü” inkişaf proqramı ölkədə ilk dəfə olaraq STP Şirkətlər Qrupu tərəfindən mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını yüksəltmək məqsədilə yaradılan proqramdır. Proqramın məqsədi ölkəmizdə aparılan kadr potensialının yüksəldilməsi siyasətinə töhfə verməklə yanaşı, müasir çağırışlara uyğun olaraq sənaye sahəsində fəaliyyət göstərəcək uğurlu gənc kadrların yetişdirilməsi və son nəticə olaraq ölkə gənclərinin inkişafına dəstək verməkdir.

 

Tədbirdə çıxış edən “Sabahın Gücü” inkişaf proqramının rəhbəri Şölə Əliyeva STP Şirkətlər Qrupu üçün gənclərin inkişafının prioritet məsələlərdən olduğunu qeyd edib. Son 3 ildə 250 nəfərə qədər gəncin peşəkar sənaye mühəndisi kimi yetişdirildiyini vurğulayaraq, bu istiqamətdə “Sabahın Gücü” inkişaf  proqramının məqsədinin daha çox gənci prosesə cəlb etmək, ölkə gəncləri arasında sənaye mühəndisliyi sahəsinə marağı artırmaq olduğunu vurğulayıb.   

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov STP Şirkətlər Qrupu və TİF arasında dövlət-özəl tərəfdaşlıq nümunəsi olan bu əməkdaşlığın əhəmiyyətindən bəhs edib. E.Nəsibov  əməkdaşlıq çərçivəsində qızların təhsilinə dəstək, eləcə də təhsilin inkişafına yönəlmiş digər təşəbbüslərin dəstəklənməsi istiqamətində birgə işlər görüləcəyini deyib.

 

Tədbirdə bir sıra ali təhsil müəssisələrinin rəhbərləri iştirak edərək məzunlara  gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar. STP Şirkətlər Qrupunun rəhbərliyi öz növbəsində proqram çərçivəsində dəstək göstərən ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim edib.



05.02.2024 | 14:10