BMU-nun ictimai və sosial həyatında fərqlənən tələbələr mükafatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2 Fevral-Gənclər Günü münasibətilə ali təhsil müəssisəsinin ictimai və sosial həyatındakı səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tələbə ilə görüşüb.

 

Görüşdə rektor bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda da uğurla həyata keçirilən, Azərbaycanın məqsədyönlü inkişafında prioritet xətt təşkil edən gənclər siyasəti, eyni zamanda gənclərin hərtərəfli inkişafını, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı məqsədi ilə dövlət tərəfindən göstərilən dəstək və qayğıdan söz açıb. Ölkəmizin intellektual potensialının təmin edilməsi, milli maraqlara uyğun güclü kadr siyasətinin formalaşdırılmasının təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkən rektor bildirib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlı gənclərin xaricdə nüfuzlu ali məktəblərə göndərmək təcrübəsi kimi vacib təhsil ənənəsinin əsasını qoyması idi.

 

Bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun davam etdirildiyini, çoxsaylı dövlət proqramlarının qəbul  və icra olunduğunu deyən rektor bu sırada “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da ölkəmizin kadr potensialının güclənməsində mühüm rol oynadığını söyləyib. Bildirib ki, proqrama uyğun olaraq, dünyanın aparıcı universitetləri ilə 5 beynəlxalq ikili diplom proqramı  icra olunur və onlardan biri  BMU ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramıdır.

 

Prezident İlham Əliyevin gənclərə hər zaman böyük diqqət və yüksək etimad göstərdiyini, bu istiqamətdə atılan digər addımları nəzərə çatdıran rektor ölkə başçısının ötən gün imzaladığı “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafatlandırılanlar sırasında BMU məzunlarının yer almasını da xüsusi vurğulayıb.

 

Sonra tələbələrin ümumi fikirləri, qayğıları, o cümlədən başa çatan qış imtahan sessiyasının nəticələri ilə yaxından maraqlanan rektor onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yeni nəslin intellektual potensialının reallaşması ilə bağlı universitetdə aparılan davamlı işlərə də diqqət çəkən rektor elm, innovasiya axtarışında olan istedadlı, yaradıcı gənclərin aşkar edilməsi, onların qabiliyyətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı görüləcək işlərdən danışıb.

 

Tədbir universitetin ictimai və sosial həyatında fəallığı ilə seçilən  BMU tələbələrinə fəxri fərmanların təqdim olunması ilə yekunlaşıb.

 



02.02.2024 | 17:25