Reytinqlərdə yerimiz

Məlum olduğu kimi, Böyük Britaniyanın ali təhsil sahəsində ixtisaslaşmış “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar.

 

Elm və Təhsil Nazirliyinin rəhbərliyi, eləcə də ölkəmizin bir sıra ali təhsil müəssisələri və THE nümayəndələri arasında keçirilən görüşlərdə Azərbaycan universitetlərinin reytinqlərdəki nəticələri regional və qlobal səviyyədə müqayisə edilib, növbəti reytinqlərdə irəliləmək üçün növbəti zəruri addımlar müəyyən olunub.
      

Agentliyin qlobal məsələlər üzrə rəhbəri Phil Bati “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Azərbaycan universitetlərinin THE-nin qlobal reytinqlərində irəliləməsi üçün zəruri addımlar barədə fikirlərini bölüşüb:
    

“Times Higher Education World University Rankings dünya üzrə tədqiqat universitetlərinin ümumi performansını qiymətləndirmək üçün nəzərdə tutulub. Reytinq dünyanın on minlərlə ali təhsil müəssisələri arasında elit tədqiqat universitetlərinin kiçik qlobal tədqiqat qrupunu təmsil edir. Beləliklə, Bakı Dövlət Universiteti kimi, digər Azərbaycan universitetlərini də tezliklə reytinqdə görmək böyük nailiyyətdir”.
   

Phil Bati qeyd edir ki, reytinqdə qlobal tədqiqat universitetlərinin əsas missiyalarının bütün aspektlərini əhatə edən 17 ayrı-ayrı fəaliyyət göstəriciləri var: “Tədris; tədqiqat; biliklərin ötürülməsi və beynəlxalq perspektivlər. Beləliklə, uğurun vahid, sadə düsturu yoxdur, irəliləyiş üçün bütün sahələrdə güc vacibdir. Amma bəlkə də ən mühüm aspekt tədqiqat potensialının yaradılması və elmi tədqiqatlarda güc nümayiş etdirilməsidir. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq elmi tədqiqatların təkmilləşdirilməsində, eləcə də tədqiqatın təsirinin və görünməsinin artırılmasında çox faydalı ola bilər. Bu, öz növbəsində, reputasiyanın yaxşılaşdırılmasına kömək edə bilər ki, bu da reytinqin bir aspektidir. Reputasiya daha yaxşı əməkdaşlıq və ünsiyyət vasitəsilə inkişaf etdirilə bilər”.
 

Oruc MUSTAFAYEV

 



02.02.2024 | 14:21