Transmilli təhsil: perspektivlər, imkanlar

Məlumdur ki, hazırda bütün dünyada mövcud dövrün qlobal çağırışlarına uyğun olaraq milli təhsil sistemlərində ciddi transformasiya prosesləri gedir. Ali təhsil sisteminin gücü və inkişaf tendensiyaları indi daha çox beynəlxalq aspektdən qiymətləndirilir. Və milli ali təhsil sistemi  xarici təhsil proseslərindən təcrid olunmuş halda normal fəaliyyət göstərə bilməz. Bunun üçün ölkənin təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası vacibdir.

 

Bu baxımdan ölkəmizdə ali təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə təhsil sahəsində aparılan islahatlar beynəlxalq xarakter daşıyır və onun bütün sahələrini əhatə edir. Təsadüfi deyildir ki, son illərdə ali təhsil sahəsində həyata keçirilən islahatlar, xaricdə təhsil üzrə dövlət və hökumət proqramları, eləcə də xarici ali təhsil müəssisələri ilə qurulan və inkişaf etdirilən tərəfdaşlıq münasibətləri ölkəmizdə transmilli təhsilin inkişaf üfüqlərini genişləndirib.

 

Transmilli təhsil dedikdə ali təhsil proqramlarının, yaxud tədris kurslarının və ya təhsil xidmətlərinin bütün növləri nəzərdə tutulur ki, onların həyata keçirilməsi zamanı təhsilalanlar yüksəkixtisaslı mütəxəssislər kimi xarici nüfuzlu ali təhsil müəssisələrinin verdiyi imkanlardan yararlanırlar. 

 

Yanvarın 26-da Bakıda “British Council” və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən  Transmilli Təhsil Siyasəti Forumunun hədəfi də bu sahədə təşəbbüslərin qiymətləndirilməsinə, həyata keçirilən yeniliklərə, perspektiv və imkanlara həsr olunub. Forum  Azərbaycan və Böyük Britaniya arasında transmilli təhsilin inkişafına köməklik göstərilməsi, hər iki ölkədə transmilli təhsilə dəstək verən ali təhsil sistemlərində dəyişikliklərin müəyyən edilməsi kimi məsələlərə həsr olunub.

 

Forumun keçirilməsi həm də universitet reytinqlərinin ali təhsilə transformativ təsirini, onun bütün dünyada maraqlı tərəflərini müzakirə etmək, Elm və Təhsil Nazirliyinə Britaniya azərbaycanlıları konsorsiumunun yaradılmasına dəstək olmaq məqsədi daşıyıb. Tədbirdə çıxış edən “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva transmilli təhsilin Azərbaycanın ali təhsil imkanlarını daha da genişləndirəcəyini deyib.

 

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld ölkəsinin aparıcı təhsil müəssisələrinin - Uorik Universitetinin, Nyukasl Universitetinin, eləcə də “Times Higher Education”  nümayəndələrinin   forumda iştirak etməsini öyrənmə, bilikləri və ən yaxşı təcrübələri  bölüşmək baxımından yüksək dəyərləndirib. Xüsusən də iştirakçıların əməkdaşlıq imkanlarını araşdırmağa və “Times Higher Education”-dan reytinqlərini necə tərtib etməsinə maraq və səy göstərmələrini qeyd edib.  Forumun Azərbaycanda transmilli təhsili təşviq etmək məqsədi daşıyan “British Council Going Global Partnership” proqramının himayəsi altında keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirən səfir ümid etdiyini bildirib ki, bu, Böyük Britaniya və Azərbaycan arasında ali təhsil sahəsində əlaqələrin gücləndirilməsi üçün gözəl platforma rolunu oynayacaq.

 

Səfir qeyd edib ki, transmilli təhsil əcnəbi tələbələri qəbul edən ölkələrə və onların beynəlmiləlləşmə gündəliyinə əhəmiyyətli fayda verə bilər. “Bir çox ölkələr transmilli təhsilə ali təhsilə çıxışı artırmaq, keyfiyyəti gücləndirmək və beynəlxalq şəbəkələri inkişaf etdirmək üçün bir vasitə kimi baxırlar. İnanırıq ki, transmilli təhsil Azərbaycana daha çox beynəlxalq tələbə cəlb edəcək, Azərbaycanın ali təhsil müəssisələrinin qlobal nüfuzunu möhkəmləndirəcək və tədqiqat əməkdaşlığını genişləndirəcək”.

 

“Mən Böyük Britaniya və Azərbaycan hökumətləri arasında geniş, dərin və uzunmüddətli tərəfdaşlıqdan qürur duyuram. Bizim əməkdaşlığımızın təhsil sahəsində əməkdaşlığımızdan daha vacib və ya yüksək qiymətləndirilən sahəsi yoxdur. Elm və təhsil naziri Emin Əmrullayevin və Nazirliyin Böyük Britaniyanı təhsil tərəfdaşı kimi görməsi məni qürurlandırır”.

 

Səfir daha çox azərbaycanlı gəncin xaricdə təhsil dövlət proqramı çərçivəsində Böyük Britaniyada təhsil aldığını qeyd edib. “Biz istəyirik ki, daha çox beynəlxalq tələbə hazırkı tələbələr kimi dünya səviyyəsində tanınmış universitetlərimizdə dünya səviyyəli təhsildən və Böyük Britaniyada unudulmaz tələbə təcrübəsindən faydalansın”.

 

“British Council Azərbaycanda Böyük Britaniya universitetlərinin birgə və ikili diplom proqramları, eləcə də digər tərəfdaşlıq münasibətləri, yaradıcı sahibkarlığın tədrisi və ali təhsil sahəsində potensialın artırılmasını təbliğ edir. Uorik Universiteti ilə Azərbaycan Dövlət Sənaye və Neft Universiteti arasında bərpa olunan enerji mənbələri üzrə yeni ikili diplom magistr proqramını alqışlamaqdan çox məmnunam”.

 

Forumda çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ali təhsildə yeni texnologiyaların təsiri və qlobal çağırışların yaratdığı dəyişiklikləri qeyd edib. Ü.Səttarova ali təhsildə keyfiyyət göstəricilərinin və institusional reputasiyanın artırılmasında beynəlxalq əməkdaşlığın, mübadilə proqramlarının, beynəlxalq reytinq cədvəllərində iştirakın və beynəlxalq ikili diplom proqramlarının önəmli rol oynadığını vurğulayıb.

 

Ülkər Səttarova transmilli təhsil modelinin ölkəmizdə tətbiqinin ölkə başçısının 16 noyabr 2018-ci il  tarixli Sərəncamı ilə təsdiq olunmuş  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın prioriteti olduğunu deyib. Qeyd edib ki, bu təhsil modeli peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib.

 

Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərinə daxil olmasından söz açan Ülkər Səttarova 110 ölkədən 10 min əcnəbi tələbənin ali təhsil müəssisələrimizdə təhsil aldığını qeyd edib.

 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda ikili diplom proqramlarının tətbiqindən danışıb. O bildirib ki, ilk ikili diplom proqramı Fransa-Azərbaycan Universiteti ilə tətbiq edilib. N.Məmmədli hazırda “British Council”in ikili diplom proqramlarına minə yaxın yerli tələbənin cəlb olunduğunu bildirib.

 

Forumda universitetlərin beynəlmiləlləşmə gündəliyini dəyişdirməsinə kömək edən, statistika və analitik məlumatlar, tədbirlər və konsultasiyalar sahəsində təcrübəsi olan qlobal təhsil şirkəti “Times Higher Education” (THE) təşkilatını təmsil edən şəxslər, habelə Birləşmiş Krallığın aparıcı universitetlərində transmilli təhsil sahəsində çalışan mütəxəssislər iştirak ediblər. İştirakçılar THE-nin universitetlərin reytinqinə dair fərqli təqdimatları, transmilli təhsilin müxtəlif formaları ilə tanış olub və Birləşmiş Krallığın bu sahədə təcrübəsi haqqında məlumat alıblar.

 

Forumda diqqətçəkən mövzulardan biri universitetlərin reytinqlərinin ali təhsilə, ali təhsil müəssisələrinin beynəlxalq transformasiyalarına təsiri olub.

 

Oruc MUSTAFAYEV

 



02.02.2024 | 13:41